Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlikdən ÇAĞIRIŞ: “Cüzi ehtiyatsızlıq 100 ildən artıq ömrü olan ağacları məhv edir”

147 Baxış

“Son günlər Azərbaycanda həm meşə, həm də şəhərdəki yaşıllıq sahələrdə yanğın hadisələri baş verir. Bu yanğınların da böyük bir qismi insanların səhlənkarlığı, ehtiyatsızlığından irəli gəlir”.

Bunu Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, dünən Qəbələ və Oğuz rayonlarının meşə ərazilərində, eləcə də Bakı şəhərinin bir neçə ərazisindəki yaşıllıq sahədə yanğın hadisəsi baş verib:

“Təkcə Xətai rayonunun Vunq Tau küçəsində olan yanğın zamanı 45 şam ağacı yanıb, digər ağaclara isə ziyan dəyib. Aparılan hesablamalara görə yaşıllığa təxminən 40 min manat məbləğində ziyan dəyib.

Müşahidələr və araşdırmalar göstərir ki, şəhərdə yaşıllıq ərazilərdə baş verən yanğınların bir qismi kommunal təsərrüfat işçilərinin təmizlik aparan zaman qurumuş otları, yarpaqları bir yerə toplaması və ona od vurması nəticəsində əmələ gəlir. İkinci əsas faktor isə söndürülməmiş siqaret kötüklərinin yaşıllıq ərazilərə atılmasıdır”.

H.Əlizadə bildirib ki, bu faktlar ciddi məsuliyyət yaradır və bununla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

“Vətəndaşlarımızdan xahiş edirik ki, odla ehtiyatlı davransınlar, min bir əziyyətlə ərsəyə gələn yaşıllıqların yanmasına səbəb olmasınlar. Çünki hər birimizin cüzi ehtiyatsızlığı yanğına səbəb ola, ömrü 100 ildən artıq olan ağacların, yaşıllığın məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyə bilər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678