Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərəkətə keçir – İLGİNC SƏBƏBLƏR – ÖZƏL

42 Baxış
Son vaxtlar havaların quraq keçməsi ölkəmizin yaz və yay aylarında ciddi su qıtlığl ilə üzləşəcəyindən xəbər verir.

Turanmedia.az xəbər verir ki, Ekologiya və Təbii sərvətlər Nazirliyindən “KONKRET”.az-a verilən məlumata görə ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil ediləcək. Bu barədə Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, əgər keçən il 25 qarölçmə marşrutu üzrə ölçmə-tədqiqat işləri aparılıbsa, bu ildən etibarən marşrutların sayı 31-ə çatdırılıb. Bu da Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində qarölçmə işlərinin daha geniş ərazidə aparılması ilə bağlıdır.

“Ölçmə işləri Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarının ərazisindən axan Tərtərçay, Levçay, Tutqunçay, Xaçınçay, Bərgüşadçay, Həkəriçay, Zabuxçay, Qarqarçay, Köndələnçay, Quruçay çaylarının hövzələrində 8 marşrut üzrə 2 qrupdan ibarət ekspedisiya tərəfindən dəniz səviyyəsindən 1550-2200 metr yüksəklikdə həyata keçiriləcək. 2021-ci ildə isə qarölçmə işləri 2 marşrut üzrə yalnız Tərtərçay və Həkəriçay çaylarının hövzələrində aparılıb” – o deyib.

A.Verdiyevin sözlərinə görə, ümumilikdə ölkənin əsas çay hövzələrini əhatə etmək üçün qarölçmə işlərinə 5 qrupdan ibarət ekspedisiya heyəti cəlb olunacaq. Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində həyata keçiriləcək və qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı, sululuğu təyin ediləcək. Mərkəz direktoru bildirib ki, qarölçmə işlərində iştirak edəcək mütəxəssislər üçün ərazidə təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə ANAMA-nın mütəxəssisləri tərəfindən təlimlər təşkil olunacaq. //Turanmedia.az