Fərhad Əhmədovun Azərbaycanda və Rusiyada meşələrin bərpasına yönəlmiş yeni layihəsi

42 Baxış

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov İsmayıllıda gələcəkdə ölkə ərazisində meşələrin bərpası, yeni meşə sahələrinin salınması baxımından vacib əhəmiyyət daşıyan layihə həyata keçirir. İsmayıllı rayonu ərazisində balıqçılıq, üzümçülük, meyvəçilik və digər sahələrlə məşğul olan iri aqloklaster yaradan biznesmen ətraf mühit üçün də yatırım qoyur. Belə ki, hazırda səhmləri F.Əhmədova məxsus olan “AzNar” QSC-nin törəmə müəssisəsi olan “Kənd” MMC İsmayıllı ərazisində nadir eldar şamı və piramidal şam ağaclarının şitilliyini yaradıb.
“Kənd” MMC-dən verilən məlumata əsasən bu şitillikdə indiyədək müəssisə tərəfindən 125 min ədəd eldar şamı və 125 min ədəd piramidal şam ağacağı tingi, o cümlədən 250 min ədəd məşhur Xan Çinar tingi əkilib. Eyni zamanda gələcəkdə yeni tinglər əldə etmək üçün həmin ağacların toxumları da səpilib. Gözlənilir ki, bu toxumlardan daha 600 min ədəd eldar şamı və elə o qədər sayda piramidal şam ağacı və Xan Çinar tingi əldə ediləcək. Müəssisə bu sahəyə yatırımları genişləndirərək dekorativ ağac növləri-limon şamı, Amerika tuyası, Arizona şamı da yetişdirməyi planlaşdırır.
Bu layihənin Azərbaycanda meşə fondunun bərpasına və yeni meşə sahələrinin salınmasına mühüm töhfə verəcəyi gözlənilir. Belə ki, Azərbaycanda meşələrin bərpası dövlətin ətraf mühit sahəsində əsas prioritetlərindən biridir. Bəlli olduğu kimi, meşələr təbii və süni yolla bərpa edilir. Praktika göstərir ki, meşələrin təbii yolla bərpası daha uzun, çətin prosesdir və xüsusən də Azərbaycan kimi meşə örtüyü nisbətən az ölkələr üçün gözlənilən nəticələri vermir. Belə olan halda meşələrin süni yolla bərpası və yeni meşə sahələrinin salınması prioritet kimi önə çıxır. Bunun üçün isə Azərbaycanın iqlim şəraitinə uyğun ağacların tinglərinin sənaye üsulu ilə yetişdirilməsi tələb olunur.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də meşə fondu 30 ilə yaxın davam edən işğal nəticəsində böyük ölçüdə məhv edilib. Bu səbəbdən azad edilmiş ərazilərin bərpasına yönəlmiş proqramlar arasında meşə fondunun bərpası, yeni meşə sahələrinin salınması mühüm yer tutur. Nəticədə ağac tinglərinə tələbatın da qarşıdakı illərdə kəskin artması gözləniləndir.
F.Əhmədov bu layihəni təkcə Azərbaycanda yox, həm də Rusiyada həyata keçirir. “Arqumenti i Faktı” nəşri yazır ki, Fərhad Əhmədova məxsus olan “Udan” MMC 2022-ci ilin əvvəllərindən başlayaraq Rusiyanın müxtəlif regionlarında qapalı kök sisteminə malik tinglərin sənaye üsulu ilə əkilməsi üçün şitilliklər salmağa yönəlmiş layihə həyata keçirir. Layihəyə əsasən üç il ərzində Udmurtiya Respublikasının Avropa hissəsində, Mərkəzi Sibirdə və Uzaq Şərqdə üç şitillik yaradılacaq.
Bəlli olduğu kimi, Rusiyada ağac materiallarının hasilatı əsasən bu bölgələrin payına düşür və nəticədə həmin bölgələrdə meşələrin süni üsulla bərpasına daha çox ehtiyac yaranıb. (Təbii bərpa prosesi zamanı yetişən ağaclar keyfiyyətli meşə materiallarının əldə edilməsi üçün əsasən yararlı olmur). Layihə hər şitillikdə il ərzində 45 milyon ədədə yaxın ting yetişdirməyi nəzərdə tutur. 2025-ci ilə qədər şitilliklərdə yetişdirilən tinglərin ümumi sayı 135 milyon ədədə çatdırılacaq.
Bu “yaşıl layihə”nin Rusiya kimi meşə ehtiyatları ilə zəngin ölkə üçün də mühüm əhəmiyyəti var. Çünki Rusiya meşə materiallarının ixracına görə dünya bazarında iri oyunçulardan biridir. Lakin meşələrin sürətlə tükənməsi ətraf mühitə zərbə vurmaqla Rusiyadan meşə materialları bazarındakı payını da azalda bilər. Bu səbəbdən meşələrin bərpası Rusiya üçün də aktual məsələdir. Rusiyanın ekologiya və təbii ehtiyatlar Nazirliyinin 2019-cu ilin mayında müəyyən etdiyi qaydalara görəsüni və kombinə edilmiş üsulla bərpa edilən meşə sahələrinin azı 50 faizində qapalı kök sisteminə malik tinglər əkilməlidir. Bu qaydalar 2022-ci ilin yanvarından qüvvəyə minib. Həmin qaydaların yerinə yetirilməsi isə böyük sayda tinglərin yetişdirilməsini tələb edir. Rusiyada isə bu vaxta qədər qapalı kök sisteminə malik tinglərin sənaye üsulu ilə yetişdirilməsi mövcud deyildi. Tinglər Rusiyaya Baltikyanı ölkələrdən və Finlandiyadan idxal edilirdi. İndi isə Ukrayna hadisələrinə görə Rusiyaya ting idxalına ümid etməyə dəyməz.
“Praktika göstərir ki, məhz qapalı kök sistemi ilə tinglərin əkilməsi çox müsbət effekt verir. Təəsüf ki, bizdə bu sahədə qıtlıq var və hazırda meşələrin bərpasının cəmi 20 faizini tinglərin basdırılması ilə həyata keçirə bilərik”,-Rusiya Federasiya Şurasının aqrar-ərzaq siyasəti və təbiətdən istifadə üzrə komitəsinin üzvü Tatyana Qiqel deyib.
Nəşr yazır ki, F.Əhmədovun həyata keçirdiyi layihə təkcə Rusiyada deyil, dünyada ən iri belə layihələrdən biridir. Bu layihə Rusiyaya meşələrin süni yolla bərpası üzrə beynəlxalq miqyasda lider mövqeyə çıxmağa imkan verəcək. Azərbaycanlı biznesmenin şitillikləri məşhur istehsalçıların ən qabaqcıl texnoloji avadanlıqları ilə təchiz edilib. Udmurtiyanın Sarapul şəhərində salınacaq ilk şitillik üçün avadanlıqların alınması barədə istehsalçılarla müqavilə artıq bağlanıb və ilin sonuna qədər şitilliyin qurulub başa çatdırılması planlaşdırılır.

 

Ramal Vəliyev