Aİ-nin vasitəçiliyi – Azərbaycan-Ermənistan münasibətləri normallaşmağa başlayır

7 Baxış

Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilən növbəti görüşün uğurlu nəticələri olacağına ümidi artırır. Bunu görüşün yekunu ilə bağlı yayılan xəbərlər də təsdiqləməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın son görüşünə dair bəzi məqamlara diqqət yetirmək istərdik. Brüssel sülh görüşünün gündəliyi Prezident İlham Əliyevin postmünaqişə dövrü üçün irəli sürdüyü təkliflərin tərkib hissəsidir. Bu formatda ilk üçtərəfli görüş 2021-ci il fevralın 14-də olub. Bununla da nəticə olaraq, Prezident İlham Əliyev və Şarl Mişel Brüssel sülh gündəliyinin əsasını qoyub. Ötən müddət ərzində tərəflər arasında intensiv təmaslar olub, telefon danışıqları aparılıb.

Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Bu məsələlər üçtərəfli formatda da müzakirə edilib. Aprelin 6-da Brüsseldə keçirilən görüşün nəticələri ilə bağlı danışan Şarl Mişel həmin məsələlərin uğurla müzakirəsindən bəhs edib: “Biz Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”. Görüşün yekunu olaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlamasına dair razılıq əldə edilib. Bu barədə hər iki ölkənin xarici işlər nazirinə uyğun tapşırıq verilib. Əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşməsidir. Şarl Mişel üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib ki, həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiyanın yaradılması məsələsində tərəflər arasında razılıq əldə olunub: “Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.

Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin əsasında aparılır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Rəsmi Bakının İrəvana təqdim etdiyi təkliflər aşağıdakılardır:

Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Qeyd edək ki, bu görüş həm də tərəflər arasında gərginliyin azalması və aradan qalxmasına da xidmət edir. Sərhədlərin müəyyənləşməsi üzrə Avropa İttifaqının vasitəçiliyi ilə komissiyanın yaradılması, ilk növbədə, sərhəddə gərginliyi aradan qaldıra bilər. Bu tərəflər arasında etimadın yaranmasına səbəb olar.

Ermənistan tərəfi münaqişə bitəndən sonra işğaldan azad olunan Azərbaycan ərazilərinin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması kimi məsələlərdə əməli addım atmaqdansa, müxtəlif bəhanələr irəli sürür. Ancaq Avropa İttifaqının bu görüşdə bəhs etdiyimiz problemlərin aradan qalxmasında, eləcə də regionda quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olundu. Ermənistanın əvvəl razılıq verib, sonra əməli addım atmadığı məsələlərdən biri də nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlıdır. 6 aprel görüşündə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılması istiqamətində də razılıq əldə edilib.

Bu görüş iki dövlət arasında münasibətin qurulmasına həsr olunub. Belə görüşlərdə rəsmi İrəvan, bir qayda olaraq, keçmiş və uydurma Dağlıq Qarabağ problemini gündəliyə çıxarmaqla tərəflər arasında hər hansı razılığın əldə olunmasını əngəlləyirdi. Bu da tərəflər arasında təmaslara, etimadın yaranmasına başlıca problem olurdu. 44 günlük müharibə nəticəsində münaqişə deyilən və uydurma məsələlər öz həllini uğurla tapdı. Azərbaycanın ərazisi məsələsi artıq beynəlxalq vasitəçilər, eləcə də Ermənistan rəsmiləri tərəfindən gündəliyə çıxarılmır. Elə son üçtərəfli görüşün yekun sənədində də Dağlıq Qarabağ ifadəsi və ya əhəmiyyətsiz, tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunun həmsədrlik institutundan bəhs edilməməsi yuxarıda qeyd etdiyimiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin beynəlxalq səviyyədə müzakirə mövzusu olmadığını təsdiqləyir.

Görüş tərəflər arasında müəyyən yaxınlaşmanın baş verdiyini ehtimal etməyə əsas verir. Şarl Mişel bunu belə ifadə edib: “Azərbaycanla Ermənistan arasında dayanıqlı razılaşma prosesi başlayıb”. Düzdür, tərəflər arasında əldə edilən razılıqların müddəti barədə fikir ifadə edilməyib. Görünür, bu məsələdə Azərbaycan və Ermənistanın, habelə beynəlxalq vasitəçi olaraq, Avropa İttifaqından başqa tərəfin və ya tərəflərin razılığına ehtiyac yaranır. Hesab etmək olar ki, Azərbaycan və Ermənistan arasında etimad məsələsindən, sülh sazişinin hazırlanması və imzalanmasınadək bir çox məsələlərdə açar rolu hələ də Rusiya oynayır. Perspektivdə onun münaqişə və postmünaqişə məsələlərində vasitəçiliyinin, rolunun azalması da istisna edilmir.

Yeri gəlmişkən, Ukrayna hadisələri beynəlxalq münasibətlərdə bir çox məsələlərin, o cümlədən bəhs etdiyimiz problemlərin həllinə də təkan verəcək. Bütün müəmmalara və çətinliklərə baxmayaraq, demək olar ki, hadisələrin belə inkişaf etməsi Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar üçün yeni mexanizm və formatın yaranmasına səbəb olur. Bu isə iki ölkə arasında münasibətlərin normallaşması ilə nəticələnə bilər. Bunu Şarl Mişel də təsdiqləyib: “Proses bu gecə başlayıb”.

Deməli, Azərbaycan və Ermənistan arasında vasitəçi rolunda yeni oyunçu siyasi səhnədə fəallıq göstərir. Bu Avropa İttifaqıdır. Rəsmi Bakı və və İrəvan perspektivdə bu quruma inteqrasiya etməyi hədəflədiyindən, yaxud onunla əməkdaşlığı genişləndirməyə çalışdığından Ai-yə etimad da çoxdur. Bundan başqa, Avropa İttifaqı rəsmiləri ilə Prezident İlham Əliyevin şəxsi dialoq və təmasları da belə bir etimadın yaranmasında çox mühüm məsələlərdəndir.

Beləliklə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına doğru tərəflər arasında niyyət var. Bu məsələdə beynəlxalq vasitəçi də dəyişib. Əvvəllər passiv mövqedə olan Avropa İttifaqının fəallığını artırması prosesi başlayıb. Bu isə onun uğurla yekunlaşacağına ümidləri artırır… //Turanmedia.az

 

Mənbə: //Report