Son zamanlar geniş yayılan rotavirus nədir və uşaqlarımızı bundan necə qoruyaq? – Pediatrdan AÇIQLAMA

Bəs uşaqları bu virusdan necə qoruya bilərik? Hansı profilaktik tədbirlər görülməlidir?
Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran pediatr Xəyalə Quliyeva bildirib ki, rotavirus bağırsaq infeksiyasıdır: “Xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma və ishaldır. Son günlər bu xəstəlik uşaqlar arasında daha geniş yayılıb. Virusun əlamətləri omikron ştamı ilə təqribən eynidir. Əlamətlər oxşar olduğuna görə bəzən bu xəstəlikləri səhv salırlar. Rotavirus nəcis analizi ilə təyin edilir. Virusa yoluxan uşaqlarda xəstəliyin əlamətləri 3 gündən 7 günə kimi davam edir. Bu xəstəliyin xüsusi müalicəsi yoxdur. Rotavirusa yoluxan uşaqların bədəni çox su itirir. Suyun və duzların itirilməsi bəzən uşaqların komaya düşməsinə də səbəb ola bilir. Ona görə də ilk növbədə uşağın itirdiyi su və duz bərpa olunmalıdır. Bunun üçün isə xüsusi məhlullardan istifadə edilməlidir. Lakin miqdarı düzgün təyin etmək lazımdır. Qızdırmanın aşağı salınması üçün parasetramol tərkibli dərman verilə bilər. Antibiotikdən istifadə tövsiyə olunmur. Əgər uşaqda qusma halları çox müşahidə olunarsa sistem qəbul edə bilər”.
