Bu Aİ ölkəsi Ukraynadan Buça qətliamını törətmədiyinə dair SÜBUT İSTƏDİ – Zelenskini MƏYUS EDƏN TƏLƏB

20 Baxış

“Son günlərdə eşitdiyim ən pis şey Avropa İttifaqı ölkələrindən birinin Baş nazirinin Rusiyanın Buçada törətdiyi qətliamı Ukraynanın səhnələşdirməsi olmadığına dair sübut istəməsidir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın nüfuzlu Bild nəşrinin verdiyi “son zamanlar eşitdiyiniz ən pis şey nədir?” sualına Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski həmin siyasətçinin kim olduğunu açıqlamasa da, Baş nazirin sitatını olduğu kimi səsləndirib:

“Bizə bunun səhnə oyunu olmadığına dair sübut göstərin”.

Zelenski ad açıqlamasa da həmin şəxsin Macarıstanın Baş naziri Viktor Orban olması ehtimalı real görünür.

Çünki iki gün əvvəl Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko sosial şəbəkə hesabında Macarıstanın siyasi xəttini və Rusiya ilə bağlı Aİ-nin gördüyü tədbirlərin heç birində iştirak etmək istəməməsini kəskin tənqid edib:

“Macarıstanın Rusiyanın Buçadakı vəhşiliklərə görə məsuliyyətini etiraf etmək istəməməsi Rusiyanın cəzasızlıq hissini gücləndirir və onu yeni cinayətlər törətməyə cəsarətləndirir”.

Nazirliyin rəsmisi Viktor Orbanın Rusiya-Ukrayna sülh danışıqlarının Macarıstanın paytaxtı Budapeştdə aparılmasını təklif etməsini də kəskin etirazla qarşılayıb:

“Macarıstan kömək etmək istəyirsə, Aİ-nin vahid mövqeyinə xələl gətirməyi dayandırmalıdır”.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayan gündən Aİ ölkələri içində Rusiya ilə münasibətləri gərginləşdirməmək siyasi xəttini götürən ölkələrdən biri də Macarıstandır. Macarıstanın Baş naziri Viktor Orban bununla bağlı mövqeyini açıqlamalarında dəfələrlə ortaya qoyub. //Turanmedia.az