Rusiyalı ekspertlər: “Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Qarabağın dirçəldiyini göstərir”

7 Baxış
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Şuşanın beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilməsi istiqamətində çox güclü addımdır.

Turanmedia.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

“Rusiya hər zaman “Qarabağ Azərbaycandır!” əsas ideyasını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”

O, Şuşa işğaldan azad olunandan sonra orada rusiyalı ekspert və deputatların iştirakı ilə beynəlxalq konfrans keçirdiklərini xatırladıb.

“Biz Şuşa işğaldan azad olunandan sonra orada ilk beynəlxalq konfrans keçirənlərdənik. O zaman hələ infrastruktur yenicə bərpa olunmağa başlamışdı. Bizim Şuşaya çatmağımıza bir saat qalmış getdiyimiz yolda ermənilər terror aktı törətmişdilər. Onların məqsədi bizim konfransın keçirilməsinə mane olmaq idi. Bu terror aktının bizim konfransa qarşı olduğunu hamımız bilirdik. Çünki həmin ərazidə torpaqlar işğaldan azad olunandan sonrakı müddət ərzində heç bir insident olmamışdı. Biz şadıq ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Şuşanın turizm və beynəlxalq konfransların keçiriləcəyi klasterə çevrilməsi proqramı həyata keçirilir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Şuşanın beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilməsi istiqamətində çox güclü addımdır. Bunun üçün Şuşada böyük imkan var. Dünyadakı Azərbaycan diasporunu da Şuşada toplaşdıqlarına görə təbrik edirəm. Şuşa işğal altında olduğu dövrdə bütün azərbaycanlıların ürəyinin döyündüyü şəhər idi. Nəhayət ki, bu şəhər işğaldan azad olundu. Qarşıda Şuşanı inkişaf və tərəqqi gözləyir. Arzu edirik ki, Qarabağın bütün ərazisi inkişaf etsin. Dağıdılmış, vəhşicəsinə məhv edilmiş Ağdam bərpa olunsun. Düşünürəm ki, bu, tez bir zamanda baş verəcək. Rusiya hər zaman “Qarabağ Azərbaycandır!” əsas ideyasını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”, – Markov vurğulayıb.

“Şuşanın erməni işğalından azad olunandan sonra necə dirçəldiyini görürük”

Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko APA-ya açıqlamasında Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsinin vacib əhəmiyyət kəsb etdiyini söyləyib:

“Mən iki dəfə Şuşada olmuşam. Biz bu möhtəşəm qədim Azərbaycan şəhərinin necə dirçəldiyini görürük. Şuşa sadəcə türk dünyasının mədəniyyət paytaxtı deyil, həm də memarlıq şedevridir. Erməni işğalçıları bu şəhəri vəhşicəsinə dağıtmışdılar. Bu gün Şuşa dirçəlir. Heydər Əliyev Fondunun əsas iştirakı ilə nadir tarixi abidələr, muzeylər bərpa olunur. Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi istisnasız olaraq vacib hadisədir. Çünki Şuşa bütün dünya azərbaycanlıları üçün Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin ruhunun və gücünün təcəssümüdür. Bu mənada Şuşada bu tədbirin keçirilməsi dünya azərbaycanlılarının güclü və inkişaf etmiş Azərbaycan dövləti uğrunda birləşməsi olduqca vacib əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nüfuzlu və güclü lider İlham Əliyevin rəhbərliyi ilə irəliyə doğru gedir. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı vacib möhtəşəm hərbi qələbəsi ilə dünyada gedən vacib proseslərin gedişatını müəyyən edən ölkəyə çevrilib. Ona görə ki, Cənubi Qafqaz və Xəzər regionu çoxlu sayda dövlətlərinin enerji təhlükəsizliyi üçün əsas regiondur. Hansı ki, Azərbaycan həmin dövlətlərlə uğurlu iqtisadi-ticarət əlaqələrini inkişaf etdirir”.

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Qarabağ regionunun dirçəldiyini və bütün Azərbaycanın həyatına inteqrasiya olunduğunu göstərir”

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini, siyasi ekspert Darya Qrevtsova APA-ya açıqlamasında Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmasını 30 il ərzində qazanılan ən böyük nailiyyət adlandırıb: “Biz indi Qarabağın necə aktiv inkişaf etdiyini görürük. Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi onu göstərir ki, Qarabağ regionu dirçəlir və bütün Azərbaycanın həyatına inteqrasiya olunur”.

“Şuşa bütün dünya azərbaycanlıları üçün bir mərkəzdir”

“Avrasiya fikirləri emalatxanası” fondunun rəhbəri, siyasi ekspert Qriqoqri Trofimçuk isə APA-ya açıqlamasında Şuşanın sadəcə Azərbaycan mədəniyyətinin deyil, ümumiyyətlə Azərbaycan xalqının, millətinin simvolu və ürəyi olduğunu vurğulayıb: “Ona görə də, Şuşa, bütün dünya azərbaycanlıları üçün bir mərkəzdir. Məhz bu səbəbdən 2020-ci ilin noyabrında Şuşa ətrafında bütün bu hadisələr baş verdi. Əgər onda Şuşa işğaldan azad olunmasaydı, Azərbaycan onu geri almasaydı, onda vəziyyət bir qədər fərqli görünərdi. İndi isə Azərbaycan sakitcə öz siyasətini həyata keçirir. Buna müvafiq olaraq bütün dünya azərbaycanlıları Qarabağla bağlı məsələlərə başqa cür baxır, bu mövzuya sakitcə yanaşır. Üstəlik, bütün beynəlxalq təşkilatlar, sənədlər göstərir ki, bu ərazilər Azərbaycana məxsusdur. Bu faktdan o tərəfə yoxdur. Azərbaycan bu əsasda işğaldan azad olunan əraziləri bərpa edir, inkişaf etdirir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Demək olar ki, Azərbaycanın bütün yaradıcı xadimləri əslən şuşalıdır. Ona görə də, Azərbaycan Şuşanı qaytararaq gələcək inkişafı üçün yeni stimul və perspektiv qazanmış oldu. Məhz bu səbəbdən Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi simvolik xarakter daşıyır”.