Azərbaycanda sosial şəbəkələr məhdudlaşdırılsın! – SOS

14 Baxış
Son günlər ölkədə “Tik-Tok” sosial media platforması üzərindən yenitemələr təhlükə saçır. Bir il əvvəl sosial şəbəkədə bir-birini alçaldanların yaşı 30 idisə, indi yaş həddi 17-15-ə düşüb. Elə bu bəlanın təsiridir ki, dünən 2 bacı “Tik-Tok” çəkmək üçün həyatlarını təhlükəyə atıb, metronun “20 Yanvar” stansiyasında tunellə qaçmağa başlayıblar. Onlar həyatlarını riskə atmaqla yanaşı, qatarlararası intervalın artmasına, nəticədə yüzlərlə insanın mənzil başına gec çatmasına səbəb olublar.

Bu gün isə ondan da dəhşətli hal yaşanıb. 3-4 yeniyetmə həmyaşıdlarını döyərək video çəkiblər. Həmin videonu “Tik-Tok”da paylaşıblar. Bir video yeniyetmənin bütün psixologiyasını alt-üst edib, bəlkə də onun gələcək həyatına hansısa şəkidlə təsirsiz ötüşməyəcək. Ümid edək ki, bu düşüncəmizdə yanılarıq…

Realda sosial şəbəkə hesabı açmaq üçün yaş məhdudiyyəti var, ancaq uşaqlar daha böyük yaş qeyd edərək müxtəlif hesablar açırlar. Nəticə etibarı ilə yaşlarına, əxlaqa uyğun olmayan görüntülərlə qarşılaşırlar. Təəssüflər olsun ki, bu görüntülər uşaqlara şüuraltı olaraq təsir edir. Görüntülər hətta cinayətə, qətlə kimi gətirib çıxarır. Əksəriyyət bu kimi halların qarşısını almaq üçün azyaşlıların sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasını təklif edir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cəmiyyəti narahat edən problemlə bağlı Modern.az-a danışıb. O. Gündüz bildirib ki, sosial mediadan istifadə ilə bağlı qaydalar var, amma bu qaydalar nisbidir:

“Bəzən istifadəçilər qaydalardan kənar olaraq sosial şəbəkəyə daxil ola bilirlər. Məsələn, “Facebook” 13 yaşdan aşağı şəxslərin istifadəsinə icazə vermir. Ancaq yetərli sayda o yaşdan aşağı istifadəçi var. Bunlar çox ciddi məsələdir. Uşaqların, yeniyetmələrin sosial mediadan istifadəsi ilə bağlı müəyyən addımlar atılmalıdır. Qanunvericilikdə uşaqların sosial mediada zərərli informasiyadan qorunması ilə bağlı müddəalar var. Amma həmin müddəaların icrası ilə bağlı problem var. Düşünürəm ki, valideynlərin, təhsil ictimaiyyətinin, dövlətin səyi ilə bu problemin qarşısını almaq olar. Problemi təkcə şagirdin, valideynin, müəllimin üzərinə atmaq olmaz. Onu da qeyd edim ki, tək Azərbaycan yox, bütün dünya bu halla üz-üzədir”.

Ekspert deyib ki, uşaqların sosial mediada birinici dostu valideyni olmalıdır:

“Valideyn real həyatla bərabər sosial mediada da övladının yanında olmalıdır. Birinci valideyndən başlamaq lazımdır, bəlkə ailədə nəsə problem var. Əgər problem varsa, təhsil ictimaiyyətilə valideynlər arasında iş aparılmalıdır. Hökümət də valideynlərin rəqəmsal savadının artırılması üçün ciddi addımlar atmalıdır. Həm hüquqi mexanizmlər işə salınmalıdır, həm də profilaktika, maarifçilik olmalıdır”.