“Azərbaycanda jurnalist peşəsini nüfuzdan salanlar var” – Natiq Məmmədli

10 Baxış
“Jurnalistlər daim özünü təkmilləşdirməlidir. Öyrəndikcə biliklərimizi paylaşmaq isə ictimai əhəmiyyət daşıyır. Təəssüf ki, son dövrlərdə media sahəsində müəyyən problemlər var. Əsas məqamlardan biri isə jurnalistlərin ixtisaslaşmasıdır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib. O bildirib ki, ictimai maraqlardan irəli gələrək cəmiyyəti daha yaxşı, daha müfəssəl məlumatlandırmaq üçün jurnalistlərin ixtisaslaşması vacibdir:

“Əvvəllər qəzetlərdə dərc olunan yazılarda nadir hallarda hərf səhvlərinə rast gəlinirdi. Düzgün yazı qaydasını insanlar qəzet oxuyaraq öyrənirdi. Təəssüf ki, son dövrlərdə bu sahədə müəyyən problemlər var. Media sahəsində əsas məqamlardan biri də jurnalistlərin ixtisaslaşmasıdır. Əgər jurnalist kriminal sahədən yazırsa, o bu sahəni ən azı hüquqşünas qədər bilməlidir. Həmçinin, iqtisadiyyatdan yazan jurnalist öz sahəsi üzrə ixtisaslaşmalıdır. Keçən il Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müəyyən təlimlər təşkil etdi. Bu təlimlərin bir hissəsi ADA universiteti ilə təşkil olundu.

Bu il də bir sıra dövlət orqanları və özəl təşkilatlarla təlimlərə start vermişik. Növbəti mərhələdə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyi ilə silsilə xarakterli tədbirlərimiz olacaq. Biz 44 günlük Vətən müharibəsindən qalib ayrılan dövlətik. Müharibədə əsgərlərlə yanaşı, jurnalistlərimiz də informasiya məkanında döyüşdü. Bu mənada hərbi jurnalistikanı inkişaf etdirmək jurnalist ixtisaslaşmasında bizim üçün prioritetdir. Ötən il Ankara Polis Akademiyasına 20-yə yaxın jurnalist göndərdik. Onlar orada iki həftə praktiki təlimlər keçdi. Biz hərbi jurnalistikanın inkişafına önəm veririk. Eyni zamanda, iqtisadiyyat, idman sahəsindən yazan jurnalistlər üçün silsilə təlimlərimiz nəzərdə tutulub. Bu təlimlərin müəyyən qismi ADA universiteti ilə birgə həyata keçiriləcək. Digər qismi isə müxtəlif dövlət və özəl təşkilatlarla birgə baş tutacaq”.

Natiq Məmmədli Azərbaycanda jurnalist peşəsinin nüfuzunun qalxması üçün görülən işlərdən də danışıb:

“Azərbaycanda “Media haqqında” qanun Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Bu qanun yeni informasiya mühitinin yaradılmasına təminat verir. Təlimlərimiz məhz yeni media mühitində yüksək ixtisaslı jurnalistlərimizin hazırlanması və formalaşması məqsədi daşıyır. Peşəkarlıq məsələsi jurnalistlərin özündən asılıdır. Qanundan irəli gələrək Azərbaycanda ilk dəfə media reyestri yaradılacaq. Media reyestri media subyektlərinin və jurnalistlərin qeydiyyata alınması prosesidir. İndiyə qədər bu işi müxtəlif dövlət orqanları həyata keçirirdi. Bu ildən etibarən MEDİA tərəfindən həyata keçiriləcək. Düşünürəm ki, media reyestri Azərbaycan media mühitinə xüsusi töhfələr verəcək.

Təəssüf ki, Azərbaycanda jurnalist peşəsini nüfuzdan salanlar var. Media reyestri artıq hər bir media subyekti üçün standartlar müəyyənləşdirir. Son dövrlərdə hər kəs sayt açıb istədiyini edə biləcəyini düşünürdü. Lakin onlayn media subyekti üçün qanunun tələbləri var. Media qurumu həmin tələblərə cavab verməlidir. Həmçinin, qəzetin dövriliyinə dair tələblər var. Əslində bütün bunlar inzibati yanaşma kimi qəbul edilə bilər. Lakin belə tələblərin qoyulması jurnalistlərin öz təşəbbüsüdür. Azərbaycanda jurnalist peşəsinin nüfuzu qalxmalıdır. Jurnalistin sözünə, yazıdığı fikrə etimad olmalıdır”.