Prezident: “Azərbaycan və İran hökumətlərinin iki ölkənin ərazi bütövlüyünə dair mövqeyində heç bir şübhə yoxdur”
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edən iranlı ekspertin iddialarına cavabında bildirib.
Prezident vurğulayıb ki, Azərbaycanın hökumət rəsmiləri istər qonşu, istər digər ölkələrə münasibətdə olduqca məsuliyyətlidirlər və ölkələrarası münasibətlərlə rəsmilərin ifadələrinə baxmaq lazımdır.
“Düşünürəm ki, sizin şərhlərinizin Azərbaycan-İran əlaqələri ilə heç bir əlaqəsi yoxdur. Bizim hökumətimizin və İran hökumətinin iki ölkənin ərazi bütövlüyünə dair mövqeyi çox yaxşı məlumdur və heç bir şübhə yoxdur. Bir çox halda biz və iranlı həmkarlarımız ictimaiyyətə bəyan edirik. Orada (Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – red.) 400-dən çox iştirakçı olub. Demokratik cəmiyyət olan Azərbaycanda insanlar istədiklərini deyə bilərlər, onların bizim razı olacağımız və ya olmayacağımız mövqeləri ola bilər. Amma biz iştirakçıları idarə etmirdik, biz onlara nə deyib-deməyəcəkləri ilə bağlı tezis vermirdik. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlarımız, xarici vətəndaşlar istədiklərini deməkdə azaddırlar. Əlbəttə, əgər bu bizim qanunvericiliyimizə zidd deyilsə. Eyni zamanda, biz də xaricdə yaşayıb müxtəlif məsələlərdə fərqli baxışları olanlara görə məsuliyyət daşımırıq. Vacib olan budur ki Azərbaycan hökuməti və onun nümayəndələrinin sözləri qonşu ölkələrlə münasibətdə, ümumilikdə isə bütün ölkələrə münasibətdə çox məsuliyyətlidir”, – Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan vətəndaşı olmayan kiminsə Şuşada nəsə deməsinə görə – Şuşa açıq şəhərdir, minlərlə insan ora gəlir və öz arzularını ifadə edirlər – hətta Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə iştirak edirsə belə, bu reaksiyaya səbəb olmamalıdır.
“Biz rəsmilərin rəsmi bəyanatlarına baxmalıyıq”, – Prezident İlham Əliyev cavabında bildirib.