Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

7 Baxış

Mayın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.az”a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir qonaqları salamlayaraq dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb.

Z.Həsənov ölkələrimiz arasında digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Nazir bu münasibətlərin regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən cənab S.Hacımüftüoğlu qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri, habelə maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.