Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mərhum Qarabağ əlilinin xanımı iki qurum arasında qalıb – Kim ödəməlidir?

114 Baxış

Qarabağ əlili, mərhum Ağayev Bəxtiyar Hacıverdi oğluna hərbi xidmət zamanı əlil olduğuna görə verilməli olan sığorta ödənişini ailəsi ala bilmir.

Turanmedia.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən B. Ağayevin həyat yoldaşı Nailə Ağayeva deyir ki, onlara sığorta ödənişinin veriləcəyi deyilsə də, məsələ həllini tapmır: “Həyat yoldaşım 1994-cü ildə yaralanıb. Ağciyərində güllə yarası olduğundan nəfəs ala bilmirdi, bronxlarda şiş əmələ gəlmişdi. Ciyərin sağ tərəfi çürümüşdü. Uzun illər elə öz pulu ilə müalicə olundu. İkinci qrup əlil idi və 360 manat təqaüd alırdı. 2020-ci ildə vəfat etdi. Dövlət tərəfindən Ramanada bizə ev də verilmişdi. 5 uşağım olduğundan hərəsinə görə 80 manat pul da alıram. Amma bu pulla dolana bilmirik. İndi istəyirəm ki, mərhum həyat yoldaşıma verilməli olan 6600 manatı ödəsinlər”.

41 yaşlı Nailə Ağayeva deyir ki, həyat yoldaşının ölümündən sonra 5 övladına təkbaşına baxmalı olub: “Böyük oğlum hazırda əsgərlikdədir. Evimizin ən balacasının isə iki yaşı olacaq. Mənə demişdilər ki, həyat yoldaşın vəfat etsə belə, sən sığorta ödənişini ala bilərsən. Mən də ötən ilin avqustunda vəkil tutaraq məhkəməyə müraciət etdim və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia qaldırıb öz pulumu tələb etdim. Dedilər veriləcək. Amma bu günə kimi hələ də verilməyib. Nəsimi Rayon Məhkəməsi 30 Avqust 2021-ci il tarixli qətnamə ilə sığorta pulunun ödənilməsini qərara aldı. Təəssüf ki, qətnamə hələ də icra olunmur. Azərbaycan Prezidentinin 23 dekabr 2021-ci il tarixli fərmanında qeyd edilir ki, Ədliyyə Nazirliyi qətnaməsi olanların siyahısını bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Dəfələrlə nazirliklə əlaqə saxlasam da, mənə bildirilər ki, hələ mexanizim hazır deyil. Prezident Fərman da imzalayıb, 50 milyon pul da ayırıb. Nazirlik hələ də dövlətin adından çıxarılan qətnaməyə görə ödənilməli pulun mexanizimini axtarır”.

Məsələ ilə bağlı “Azərsığorta” Dövlət Sığorta şirkətinə ünvanladığımız sorğuya mətbuat katibi Elnur Hüseynquluyev cavab olaraq bildirib ki, birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək: “Bildirmək istəyirik ki, qeyd etdiyiniz məsələ ilə bağlı cənab Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli müvafiq Fərmanı var.

Həmin Fərman, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsini nəzərdə tutur.
Yəni, birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək”.

Şikayətlə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandıran Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, Prezident İlham Əliyevin 2021-ci il 18 may tarixli Fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub: “Dövlət icbari şəxsi sığortası üzrə sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə (sığorta ödənişi verilməsinə əsas yaradan hadisə və ya hala) görə sığorta ödənişi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.

2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi verilməsi isə qanunla “Azərsığorta”nın səlahiyyətindədir. Bağlanmış müqavilələr üzrə həmin vaxtadək onların sığortaçısı “Azərsığorta” olub və onların dövlət icbari şəxsi sığortası üzrə sığorta haqları da xidmət etdikləri orqanlar tərəfindən “Azərsığorta”ya köçürülüb.

Misal üçün, hərbi qulluqçu 2022-ci il yanvarın 1-dək olan dövrdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alıbsa, bu xəsarətə görə əlillik 2022-ci il yanvarın 1-dən sonra təyin edilibsə, ona sığorta ödənişini “Azərsığorta” edir. Çünki xəsarət aldığı dövr üzrə onun sığortaçısı “Azərsığorta” olub və həmin dövr üzrə hərbi qulluqçunun sığorta haqları da bu təşkilata köçürülüb.

2022-ci il yanvarın 1-dək sığorta ödənişi edilmiş sığorta hadisələri ilə bağlı həmin vaxtdan sonra şəxsin səhhətində müvafiq tibbi sənədlərlə təsdiq edilən ağırlaşmalara görə yeni sığorta hadisəsi baş verdiyi halda əvvəl verilmiş ödənişlə yeni sığorta hadisəsinə görə müəyyən olunmuş ödəniş arasındakı fərq məbləği isə DSMF tərəfindən verilir.

Misal üçün, hərbi qulluqçu 2022-ci il yanvarın 1-dək hərbi səbəblərlə əlaqəli 3-cü dərəcə əlilliyə görə “Azərsığorta”dan sığorta ödənişi (4400 manat) alıb. Lakin 2022-ci il yanvarın 1-dən sonra səhhətində ağırlaşma səbəbindən hərbi səbəblərlə əlaqəli ona 2-ci dərəcə əlillik təyin edilib. Bu zaman ona əvvəl verilmiş sığorta ödənişi ilə hərbi səbəblərlə əlaqəli 2-ci dərəcə əlillik üzrə müəyyən olunmuş sığorta ödənişi (6600 manat) arasındakı fərq məbləği (2200 manat) DSMF tərəfindən ödənilir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678