Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rüşvət alan məmurlar olduqca həbslər davam edəcək” – Partiya sədrindən AÇIQLAMA

108 Baxış
Azərbaycanda bir çox sahələrdə şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılıb. “ASAN XİDMƏT” mərkəzlərinin, “elektron hökumət” sisteminin yaradılmasını buna misal göstərmək mümkündür. Lakin görülən işlərə baxmayaraq hələ də məmur özbaşınalığının, rüşvət və korrupsiyanın kökünü tam kəsmək mümkün olmayıb.

Hərçənd etimadı doğrultmayan, vəzifəsindən sui-istifadə edən məmurlara qarşı ciddi cəza mexanizmləri tətbiq olunub. Onların bir çoxu vəzifəsindən kənarlaşdırılıb və ya həbs edilib. Amma həbslərdən dərs çıxarmayan məmurların sayı kifayət qədərdir. Elə bu səbəbdən də, yeni həbslər dalğasının olacağına heç kim şübhə etmir.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, məmurların özbaşınalığı, korrupsiya və rüşvət halları dövlətin zəifləməsinə gətirib çıxaran amillər sırasındadır:
“Ona görə də bu məsələyə kompleks yanaşma olmalıdır. Məmur da bir insandır. O doğulandan rəhbər şəxs olmayıb. Gənc kadrlar dövlət, vətəndaş, vətəndaşa xidmət anlayışını dərindən qavramalıdır. Bütün bunlar həllini gözləyən vacib məsələlərdir. Barələrində cinayət işi başladılan keçmiş icra başçıları, nazir və müavinləri o vəzifəyə necə yüksəlib? Əgər vəzifə sahibi öz vəzifəsinin yükünü anlamırsa, orada rüşvət və korrupsiya halları qaçılmaz olacaq. Şübhəsiz ki, belə şəxslər vətəndaşları da incidəcək. Bütün bunlar son nəticədə dövlətin zəifləməsinə gətirib çıxarır”.

Partiya sədri hesab edir ki, rüşvət alan məmurlar olduqca həbslər davam edəcək:
“Əslində həbslər bu problemin əsas həll yolu deyil. Çürümüş ağacın budaqlarını kəsməklə ona can verə bilməzsən. Ağacın xəstəliyini müalicə etmək lazımdır. Yəni məsələyə ümumi yanaşma dəyişməlidir. Çoxpartiyalı sistem inkişaf etdikcə rəqabət güclənəcək, yeni siyasi fiqurlar ortaya çıxacaq. O zaman vəzifəli şəxslər əsl məmur necə olmalıdır, özünü necə aparmalıdır fəlsəfəsini dərk edəcəklər. Daha öncə onlarla məmur və icra başçıları həbs edilib. Keçmiş Milli Təhlükəsizlik nazirliyinin generalları həbs olunub. Lakin yenə də problemlər qalmaqdadır. Əslində cinayət varsa, həbslər olmalıdır. Kimsə rüşvət alırsa, qanunları pozursa o həbs edilməlidir. Rüşvət alan məmurlar olduqca həbslər davam edəcək, bu birmənalı şəkildə belədir. Lakin təəssüf ki, həbslər problemin yeganə həll yolu deyil”. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678