Toydakı dava mahnıya görə olub – Bıçaqladığı bacısı ilə əri imiş

9 Baxış
Ötən axşam Gəncədə toy mərasimində ər-arvad bıçaqlanıb.

Hadisədən sonra Gəncə BPİ-nin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R. İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Turanmedia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb: “İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət yetirən zaman öz bacısı və bacısının həyat yoldaşı ona mane olmağa çalışıb. Bu zaman R.Həsənzadə onlara da müxtəlif xəsarətlər yetirib. Faktla bağlı cinayət işi başlanılıb”.

Qeyd edək ki, hadisə “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb. Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.