TÜRKİYƏDƏ YENİ UĞURLARIMIZ

78 Baxış

Əziz həmkarlar, bu yazıda, Təhsil İdarəçiləri və Mütəxəssisləri Dərnəyinin (EYUDER) və Doqquz Sentyabr Universiteti (DEÜ) Buca Təhsil Fakültəsinin birgə əməkdaşlığı ilə, 10-15 may 2022-ci il tarixdə Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq Təhsil Metodları Forumu – EYFOR-XIII Konqresindən xoş xatirələri paylaşıram.
Bu Forumda əvvəlki illərdə olduğundan daha böyük nümayəndə heyətimizlə təmsil olunurduq. Ölkəmizdə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsi – Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, hörmətli tarixçi alimimiz, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Azərbaycan Təhsil İnstitutunun şöbə müdiri İlham Cavadovun rəhbərliyi ilə institutun əməkdaşlarının bir qrupu, bəzi universitet müəllimlərimiz, respublikamızın müxtəlif rayon və şəhərlərindən tam orta ümumtəhsil məktəblərinin və liseylərin müəllimləri nümayəndə heyətimizin üzvləri idi. İmişli rayonundan mən – Xoşçobanlı kənd, İ.Əhmədov adına tam orta məktəbin riyaziyyat müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi Cəbrayıl Əvəz oğlu Şirəliyev və həyat yoldaşım – Otuziki kənd tam orta məktəbin kitabxanaçısı Validə Əhliman qızı Şirəliyeva da bu mötəbər tədbirdə iştirak etdik.
Forum öz işinə 10 may 2022-ci il tarixdə, geniş açılış proqramı ilə başladı. EYUDER və ULEDEF Başkanı doktor Adem Çilek, DEÜ Buca Təhsil Fakültəsi dekanı professor, doktor Esra Bukova, yerli təhsil idarələri rəhbərləri, Azərbaycandan ADPU rektoru professor Cəfər Cəfərov, ATİ şöbə müdiri İlham Cavadov və digər təhsil işçilərinin Forumun açılışı ilə bağlı çıxışları maraqla qarşılandı. Doktor Adem Çilek Forumu açıq elan edib, qarşıdakı fəaliyyətində uğurlar arzuladı.
Konqresdə çıxış edəcəyimiz mövzumuzun adı “Məntiq və Biz” idi. Bu mövzuda təqdimatı mən, həyat yoldaşım Validə xanım və Şəki şəhər 14 saylı tam orta məktəbin riyaziyyat müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Süleymanova Ümmü İsmayıl qızı birlikdə hazırlamışdıq. Təqdimatımız, çıxış boyu mövzunun mahiyyətini açmağa yönəlmiş slaydlarla müşayiət olundu.
Çıxışımıza ulu öndərimiz Heydər Əliyevin dediyi məşhur bir kəlamla başladıq: “Təhsil millətin gələcəyidir”! Qeyd etdik ki, təhsil müəssisələri təkcə təlim verməklə kifayətlənməyib, yetişməkdə olan nəslin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamalıdır. Bütün tədris ocaqları təhsilalanları təkcə biliklərə yiyələnmiş biri kimi yox, eyni zamanda fiziki və zehni qabiliyyətləri inkişaf etmiş, Vətənini, millətini sevən, dövlətçiliyimizin inkişafı naminə əlindən gələni əsirgəməyən, düzgün məntiqi qərarlar verməyə qabil, idrak və təfəkkürü düzgün formalaşmış hərtərəfli bir şəxsiyyət kimi yetişdirməyi hədəfləməlidirlər.
Məntiq elmi bir elm kimi bizim eradan əvvəl IV əsrdə qədim Yunanıstanda meydana gəlmişdir. Onun banisi yunan fəlsəfəsinin “Hegeli” adlandırılan, Şərq klassikasında isə “Birinci Müəllim” sayılmış Aristotel (b.e.ə. 384-322) olmuşdur. Aristotelin yaratdığı məntiq, klassık məntiq adlandırılır. Bir qism orta əsr alimləri məntiqi elm deyil, incəsənət saymışlar. Digərləri isə məsələn, əl-Farabi, İbn Sina, Nəsirəddin Tusi və s. məntiqi elm saymışdır. Belə ki, Nəsirəddin Tusinin İbn Sinaya yazdığı şərhlər arasında aşağıdakı fikirlər diqqəti cəlb edir: “Beləliklə, məntiq özlüyündə bir elmdir və başqa elmlər üçün də bir açardır.”
Mövzumuzda məntiq elminin tarixindən, yaranmasından, inkişaf dövrlərindən bəhs etməklə yanaşı, şagirdlərin idrak və təfəkkürlərinin düzgün formalaşmasında məntiqin rolundan, Azərbaycanda məntiqə aid elmi ədəbiyyatın və tədris matereallarının çox az olduğu dövrdə, bu işin zəruriliyini öncədən qiymətləndirən, böyük elm adamlarımızdan olan, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Məlik Baxış Babayevin yaratdığı, dünyada analoqu olmayan “Maraq və Məntiq” təlimindən, eyni adlı Cəmiyyət və bu Cəmiyyətin respublikamızda apardığı elmi və ictimai fəaliyyətdən, Azərbaycan Dövlət Televiziyasının “Səhər” proqramının redaktoru tanınmış jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmlinin görülən fəaliyyətin əhəmiyyətini dəyərləndirərək “Maraq və Məntiq” rubrikasının Azərbaycan Dövlət Televiziyasında 1999-cu ildən başlayaraq 5 il müddətində fasiləsiz yayımlanmasını təşkil etməsindən, “Maraq və Məntiq” cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə nəşr etdirdiyi və ölkəmizin ən ucqar bölgələrində belə, istənilən yaş kateqoriyalı insanların maraqla qarşıladığı və bəhrələndiyi “Maraq və Məntiq”in elmi jurnal fəaliyyətindən, Cəmiyyət üzvləri olan yaradıcı insanlar, ziyalılar, müəllim və mühəndislər tərəfindən yazılan, nəşr edilərək bütün ölkə ərazisində yayılan onlarca maraqlı kitab və digər zəruri tədris materiallarından, Cəmiyyətin yaradıcılıq stimul yaradan fəaliyyətindən ruhlanaraq 2006-cı ildə, mərhum əməkdar müəllimimiz Malik Aranlı ilə birlikdə nəşrinə nail olduğumuz və 2014-cü ilə qədər dayanıqlı nəşr olunaraq bütün ölkə ərazisində özünə geniş oxucu kütləsi qazanmış “Məntiq və Riyaziyyat” elmi-kütləvi jurnalın fəaliyyətindən, məntiq fənninin orta ümumtəhsil məktəblərinin tədris proqramlarına, ibtidai siniflərdən başlayaraq daxil edilməsinin zəruriliyi təklifimizdən və təklifin əsaslandırılmasından bəhs etdik. Qeyd etdik ki, elmi araşdırmalarla sübut olunmuşdur ki, 5-13 yaş intervalında uşaqların öyrənmə potensialı daha böyük olur və bu yaş dövründə öyrənilənlər bütün ömrü boyu yaddaşa həkk olunur. Buna görə də insanın zehni qabiliyyətinin daha fəal inkişaf etdiyi yaş intervalından başlayaraq zəruri tədris matereallarının, o cümlədən, məntiqin üsul və vasitələri, məntiqin məqsədləri öyrədilməli, gənc nəslə məntiq haqqında ətraflı biliklər verilməlidir. Çünki, məntiq eyni zamanda şifahi və yazılı nitqin özündə meydana çıxan təfəkkür mədəniyyətidir.
Məntiqin aktuallığından və tədris olunmasının vacıbliyindən, həmçinin dünyada məntiq elminin inkişaf tarixindən danışarkan XIII əsrdə yaşamış, dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Tusinin məntiq elminin inkişafına həsr etdiyi üç əsərini qeyd etməmək mümkünsüz olardı. Bu əsərlər dövrümüzə kimi gəlib çatmış, ”Əsas əl-iqtibas” (“Bilgilərin əldə edilməsinin əsasları”) əsəri, İbn Sinanın “Əl-işarat vət-tənbihat” kitabına yazılan şərhlərdən ibarət “Əş-şərh əl-işarat vət-tənbihat” əsəri və “Təcrid əl- məntiq” əsərləridir.
Aristotelin kəşf etdiyi formal məntiq illər, əsrlər keçdikcə ardıcıl olaraq mükəmməlləşmiş, dəyişmiş, inkişaf edərək təkmilləşmişdir. Lakin bizim eradan əvvəl meydana gəlmiş məntiq elmi XIX əsrə qədər böyük nailiyyətlər əldə edə bilməmişdir. Belə bir nailiyyət və yenilik XIX əsrdə baş vermişdir ki, bu da riyazi metodların və riyazi dilin formal məntiqə daxil edilməsidir. Riyazi metodların və riyazi dilin formal məntiqdə tətbiqi məntiq elminin inkişafını daha da sürətləndirmiş və beləliklə də riyazi məntiq meydana gəlmişdir. Məntiq nəzəriyyəsinin riyazi əsasda qurulması haqqında ideyanı tarixdə ilk dəfə XVII əsrin sonunda alman riyaziyyatçısı Qotfrid Leybnits (1646-1716) təklif etmışdi. Leybnitsin ideyalarının həyata keçirilməsi isə ilk dəfə irland alimi Corc Bula (1815- 1864) nəsib olmuşdur. O, mülahizələri hərflərlə işarə edərək, yeni bir cəbr yaratdı ki, bu da mülahizələr cəbrinin yaranmasına səbəb oldu.
Daha sonra, məntiq elmində sözün həqiqi mənasında inqilab edən digər həmyerlimiz, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli alim, dünya elminə 6 nəzəriyyə bəxş edən həmyerlimiz Lütfi Ələsgərzadədən bəhs etdik. Qeyd etdik ki, Lütfi Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan 1965-ci ildə irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsidir. Lütfi Zadə tərəfindən elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmış, getdikcə bu nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.
Çıxışımızda qeyd etdik ki, Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: “Aristotel məntiqi” ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, “Zadə məntiqi” isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, “Aristotel məntiqi” ikili (binar) məntiqdir, “Zadə məntiqi” isə çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. “Zadə məntiqi”ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur.
Çıxışımızda Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyevin 7 fevral 2011-ci il tarixli sərəncamı ilə dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın Berkli Universitetinin professoru Lütfi Zadənin elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsini də qeyd etdik.
Çıxışımız çox maraqla qarşılanaraq sertifikata layiq bilindi.
Konqresin fəaliyyət göstərdiyi günlərdə Altun Yunus otelinin foye və geniş zallarında təşkil olunmuş kitab stendlərində yeni nəşr olunmuş kitablar sərgilənirdi. Nümayiş olunan bu kitablar içərisində müəllifləri sırasında yer aldığımız Teoriden Pratiğe “Harmanlanmış Liderlik ve Harmanlanmış Öğrenme” Uyğulama Kitabının olması çox sevindirici oldu. Bu kitabın yazılmasında əməyi olan 50 nəfər beynəlxalq həmmüəlliflərdən yalnız iki nəfəri mən – Cəbrayıl Əvəz oğlu Şirəliyev və Şəki şəhər 14 saylı məktəbin riyaziyyat müəllimi Ümmü İsmayıl qızı Süleymanova Azərbaycanı təmsil edirdik. Kitabın geniş təqdimatı keçirildi.
Beynəlxalq Təhsil Forumunun fəaliyyətə başladığı ilk gün, Azərbaycanın Türkiyədə səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə xanım Nəsibovanın nümayəndə heyətimizlə görüşə gəlməsi, təkliflərimizi dinləyib məsləhətlər verməsi də diqqət çəkən məqamlardan oldu.
Türkiyənin müxtəlif təhsil ocaqlarında çalışan yaradıcı insanlardan çoxsaylı birgə layihə təklifləri aldıq. Mümkün qədər daha çox təqdimatlarda iştirak edib təcrübə mübadiləsi etdik. Altun Yunus otelində valideynləri ilə birlikdə çox sayda uşaqlar da qonağımız idi. Türkiyənin Cocuq Teatrosu bu uşaqlar üçün maraqlı və məzmunlu tamaşalar təqdim etdi. Biz də bu tədbirlərdə iştirak edib, Türkiyə Uşaq Teatrının yaradıcı kollektivi ilə görüşüb, Azərbaycan uşaq mahnılarının əhəmiyyətini vurğuladıq. Qarşı tərəfin maraqlarını nəzərə alaraq, iştirak edən uşaqlarla birlikdə Validə xanım və Ümmü müəllimə “Cücələrim” uşaq mahnısının təqdimatını hazırladı. Təqdimatımız həm uşaqlar, həm valideynlər, həm də Türkiyənin Cocuq Teatrosunun yaradıcı heyəti tərəfindən çox maraqla qarşılandı.
Yaradıçı dostlarımızdan olan Ahmed hocamla, EYUDER koordinatoru Seval Orakla, Ayişe Ay və Veli Ay çütlüyü ilə, EYUDER Başkan yardımçısı Murat Koçalı və digər çoxsaylı iştirakçılarla səmərəli fikir mübadiləsi etdik və gələcək fəaliyyətimizin istiqamətləndirilməsi mövzusunda söhbətlər apardıq. Çoxsaylı panel təqdimatlarında iştirak edib, rəy və təkliflərimizi bildirdik.
Asudə vaxtlarımızda İzmir şəhərinin tarixi abidələri və görməli yerləri və kitab satışı mərkəzləri ilə də yaxından tanış olduq. Bunlar içərisində daha yaxından tanış olmaq imkanımız, məşhur Saat Qülləsi Meydanı və əsası 1748-ci ildə Ayşe Xanum tərəfindən qoyulmuş, səkküzguşəli planı və Kütahya işi çinileri ilə diqqəti çəkən Konak Camesi oldu. Ümumiyyətlə desək EYFOR-XIII, Altun Yunus, İzmir, Egey xatirələrimiz unudulmaz xatirələr sırasında yer aldı.

 

Cəbrayıl Əvəz oğlu Şirəliyev

Xoşçobanlı kənd, İ.Əhmədov adına tam orta məktəbin riyaziyyat müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi