Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Turançılıq yolunda dilimizə həqarət cəhdi, yaxud Bayoğlunun “stəkanda fırtına” əməliyyatı… – ARAŞDIRMA

107 Baxış
Hərdən adama elə gəlir ki, Azərbaycan başqa qalaktikadır. Buranın öz yazılmayan qanunları, qaydaları var. Bəzən nəyin nə üçün olduğunu belə anlaya bilmirsən. Məsələn, 10 milyon əhalisi olan ölkəmizdə 70-ə yaxın siyasi partiya var. Onlardan da 58-i Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Turanmedia.az xəbər verir ki, göründüyü kimi, Azərbaycanda “papaq atırsan” siyasi partiyaya dəyir. Yerindən duran partiya yaradır. Bilmək olmur, bu, siyasi səbatsızlıqdan irəli gəlir, yoxsa “mənəm-mənəm”likdən? Axı siyasi partiya heç kimə cəmiyyətdə hansısa imtiyaz və üstünlük vermir. Əslinə baxsan, ölkəmizdəki siyasi institutların çoxu “cib partiyası”dır. Çünki onların bir nizamnaməsi, bir də möhüründən başqa heç nəyi mövcud deyil. Heç oturmağa yerləri də yoxdur. Axtarış versən, bəzi partiyaların bir çoxunun qeydiyyat ünvanı “partiya” sədrinin fərdi mənzilidir.

Ümumən ölkəmizin ictimai-siyasi həyatında ən yaxşı halda 10-12 partiya aktiv fəaliyyət göstərir. Məsələn, 2018-ci ilin prezident seçkilərinə cəmi 6, 2020-ci ilin parlament seçkilərinə isə 19 siyasi partiya qatılıb. Hazırda isə parlamentdə 10-a yaxın siyasi partiya təmsil olunur. Və YAP-dan başqa digər partiyalar Milli Məclisdə 1-2 yer tutub. Bu isə onu göstərir ki, siyasi partiyaların çoxu siyasi oyunbazlar yığıncağıdır. Çünki siyasi partiya hakimiyyətə gəlmək üçün mübarizə aparır. Hakimiyyətə gəlməyinsə sivil yolu seçkilərdən keçir. Əgər siyasi partiyaların təxminən 70 faizi seçkilərə qatılmırsa, onda bunu necə başa düşək?!

Yeri gəlmişkən, siyasi partiya yaratmaq sevdası bir ara zəifləsə də, son illər yenidən dəbə düşüb. Məsələn, son iki ildə Azərbaycanda 9 siyasi partiya dövlət qeydiyyatından keçib. Nəzərə alaq ki, siyasi partiyalar təkcə hakimiyyət uğrunda mübarizə aparmır, həm də cəmiyyətin problemlərinə güzgü tutur, yeni çağırışlar səsləndirir. Məsələn, siyasi partiyaların qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Amma son 20 ildə hansısa partiyanın belə bir təşəbbüsdə bulunduğunu nə görmüşük, nə də eşitmişik. Yəni xalqın, millətin işinə yarımaq üçün heç də iqtidarda olmaq lazım deyil. Siyasi partiya xalqın dərd-sərini, problemini, dövlətin gələcəyini müzakirə etmək üçün bir platformadır.

Çox təəssüf ki, xalq bəhs etdiyimiz 70 partiyadan 7-də bu təşəbbüsü görməyib. Belə getsə, heç zaman da görməyəcək. Çünki siyasi partiyalar bir növ “evcik-evcik” oyunu oynayır. Bəzi partiyalar bəzən xırda və lüzumsuz təşəbbüslərlə çıxış edirlər ki, bu da son nəticədə korporativ maraqlara söykənir.
İndiki vəziyyətdə partiyaları 3 qrupa bölmək olar.

Birinci qrup: iqtidarda olan və onu dəstəkləyən partiyalar.

İkinci qrup: müxalif partiyalar. Bunların bir qismi xaricdən dəstək alır və daha çox radikal çıxış edirlər.

Üçüncü qrup: siyasi mövqeyi və son hədəfi bəlli olmayan partiyalar. Çox təəssüf ki, hazırda siyasi partiyaların yarıdan çoxu məhz bu kateqoriyadan olanlardır. Onların da nə istədiyini heç cür anlamaq olmur.

Və əgər sonuncular üzərində fikrimizi konkretləşdirməyə çalışsaq, Turan adlı partiyanı nümunə göstərə bilərik. Adından da göründüyü kimi, partiyanın ideyası turançılıqdır. Yəni dərindən yanaşsaq, funksionerlərinin hədəfi demokratik və güclü Azərbaycandan da böyükdür. Bütün türk dünyası üçün mücadilə apardıqlarını nümayiş etdirməyə çalışırlar. Nə deyək, Allah köməkləri olsun, pis fikir deyil.

Amma partiyanın sədri Cahandar Bayoğlunun Böyük Turançılıq ideyasında nə qədər ciddi olduğu barədə dəqiq fikir söyləmək çox çətindir. Daha doğrusu, buna ciddi şübhələr var. Çünki Cahandar bəy hələ türkçülüklə türkiyəçiliyi ayırd edə bilməyib. Maraqlıdır ki, bu adam bütün yazışmalarını Anadolu türkcəsi ilə aparır. Hətta partiyanın elektron səhifəsi də Anadolu türkcəsi ilə tərtib edilib. Bundan əlavə, bütün partiya sənədləri Anadolu türkcəsində yazılır. Məsələn, partiyanın saytına ən son məlumat iyunun 16-da yerləşdirilib. Və həmin yazı da bu başlıqla təqdim edilib: “HACI ALTUNOK TP Osmaniye İl Kadirli ilçe Temsilçisi görevini üstenmiştir”.

Məşədi İbad demiş: “Mən “Tarixi-Nadir”i yarıyacan oxumuşam, amma bu yazılanlardan bir zad anlaya bilmədim”. Əgər bu məlumat Azərbaycan oxucusu üçün nəzərdə tutulubsa, niyə Azərbaycan türkcəsi ilə yazılmayıb? Axı bizim dövlət dilimiz Azərbaycan dilidir. Elə isə “sayın başqan” niyə Azərbaycan qanunlarına həqarət edir və öz ana dilində danışmağı özünə yaraşdırmır?

Sizcə, öz dilini bilməyən, sevməyən birisi necə böyük turançı ola bilər? Əlbəttə, ola bilməz. Bunu Cahandar Bayoğlu da yaxşı bilir. Bildiyi üçün də “stəkanda fırtına” yaratmaq istəyir. Guya bu adam iş görür, böyük ideyalar uğrunda çarpışır. Əslində isə ordan-burdan aldığı qrantlarla gününü keçirir. Belə olmasaydı, gündə partiyada bir kadr dəyişikliyi etməzdi. Özünün “ən böyük” olduğunu çevrəsindəkilərə sübut etməyə çalışmazdı. Üstəlik, bu adam özünü o qədər böyük bilir ki, hətta milləti ələ salmaqdan belə çəkinmir. Belə olmasaydı, partiyanın saytında qurumun yerləşdiyi ünvanı dəqiq göstərərdi. Görün, Bayoğlu partiyanın ünvanını necə yazır: Bakı, Turan prospekti. Halbuki Bakıda belə bir prospekt mövcud deyil.

Çox təəssüf ki, cəmiyyətimizdə bu tip qeyri-ciddi “partiya” və “sədrləri” az deyil. Onların “fəaliyyəti” barədə isə növbəti yazılarımızda bəhs edəcəyik.

KONKRET.az-ın Analitik qrupu
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678