Sahibə Qafarova Britaniyada

16 Baxış
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri çərçivəsində iyulun 12-də bu ölkənin İcmalar Palatasının sədri Ser Lindsi Hoylla görüşüb.

Turanmedia.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Milli Məclisin sədrini səmimiyyətlə salamlayan Ser Lindsi Hoyl ölkəsinin Azərbaycan parlament rəhbərinin bu səfərinə böyük əhəmiyyət verdiyini bildirib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu qeyd edərək, bu illər ərzində Birləşmiş Krallıqla Azərbaycan arasında uğurlu tərəfdaşlığın qurulduğunu söyləyib.

Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Sahibə Qafarova bu səfərin Azərbaycan Milli Məclisinin sədri səviyyəsində Birləşmiş Krallığa ilk səfəri olduğunu diqqətə çatdırıb. O, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin münasibətlərimizin əsas komponentlərindən birini təşkil etdiyini diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, Birləşmiş Krallıq Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanda 600-ə yaxın Britaniya şirkəti qeydiyyatdan keçib və bu, bizim iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin müsbət əlamətidir. Görüşdə, həmçinin enerji sahəsində əlaqələrin də yüksək səviyyəsi qeyd olunaraq, BP şirkətinin neft və qaz hasilatında Azərbaycanın etibarlı tərəfdaşı olduğu vurğulanıb. Azərbaycan Cənub Qaz Dəhlizinin də həyata keçirilməsində Birləşmiş Krallığın siyasi dəstəyini hər zaman hiss edib. Bərpaolunan enerji sahəsində də fəal əməkdaşlıq mövcuddur.

Spiker Sahibə Qafarova vurğulayıb ki, münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda yeni reallıqlar, yeni imkanlar yaranıb. Bu imkanların reallaşması regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcək. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan artıq nəqliyyat infrastrukturuna çox böyük maliyyə vəsaiti ayırıb. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması rayonun nəqliyyat potensialını xeyli artıracaq. Sahibə Qafarova deyib ki, regionun nəqliyyat infrastrukturunun, o cümlədən, Zəngəzur dəhlizinin açılması regionda inkişafa, sabitliyə töhfə verməklə yanaşı, blokada şəraitində yaşayan Ermənistanın özünə də fayda verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.