Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İcra başçılarının müavinləri müxalifətdən təyin olunsun” – Partiya sədrindən MARAQLI TƏKLİF

105 Baxış
Son zamanlar ölkədə baş verən proseslərə nəzər yetirdikdə sanki daxildəki bəzi qüvvələrin insanları dövlətdən narazı salmaq üçün çalışdıqlarını görə bilirik. Xüsusən də yerli icra başçılarından narazılıq daha da artır. Bu isə öz növbəsində icra hakimiyyətlərinin ləğvini və daha şəffaf mexanizmin qurulmasını zəruri edir.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda yerli icra hakimiyyətləri əhalinin ən narazı olduğu strukturdur. Hətta Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğularda belə əhali arasında ən az etimadı məhz yerli icra hakimiyyətləri qazanır. İstənilən regionda insanlar ən çox şikayəti yerli icra strukturlarından edir: “İcra hakimiyyətləri icraedici orqanın yerlərdəki nümayəndələridir. Sadəcə olaraq Sovet dönəmindən mövcud olan birinci katib anlayışı dəyişdirilərək icra hakimiyyəti ilə əvəzlənib. Amma idarəetmə sistemi elə o vaxtdakı kimi qalıb. İcra hakimiyyətlərinin ləğvi mümkün ola bilər. Ancaq onu hansı qurumun əvəzləyəcəyi öncədən məlum olmalıdır. Eksperiment kimi Prezidentin Səlahiyyətli Nümayəndələri İnstitutu yaradılıb. Bu sistem işğaldan azad edilən bölgələrdə tətbiq olunur. Amma bu, özü-özlüyündə bir təyinatdır və göstərilən etimaddır. Burada da etimadı doğruldub-doğrultmamaq həmin insanlardan birbaşa asılıdır. Ona görə də, icra başçılarını xüsusi nümayəndələr əvəzləsə də, problemlərin həll olunacağını düşünmürəm”.

Partiyası qeydə alınan Tural Abbaslı:

Partiya sədri əlavə edib ki, bu məsələdə insan faktorunu aradan qaldırmaq üçün qarşılıqlı nəzarətli bir mexanizm qurulmalıdır: “Əgər yerlərdəki icra başçılarının real olaraq xalq üçün çalışdıqlarını görmək istəyiriksə, bu zaman həmin strukturda əks düşərgənin (müxalifətin) təmsilçiliyini təmin etməliyik. Dövlət tərəfindən təyin edilən bir icra başçısının müavini müxalifətdən olsa, bu zaman həmin məmur istər-istəməz neqativ əməllərdən çəkinəcək. Çünki qarşılıqlı nəzarət mexanizmi olacaq. Yaxud ümumi icra başçılarının üçdəbiri müxalifətdən təyin edilməlidir ki, rəqabət yaransın”.

Tural Abbaslının sözlərinə görə, icra başçısını iqtidar təyin edir. Prokurorluq və məhkəmə sistemi isə iqtidara tabedir. Ona görə də bu qurumların bir-birinə nəzarət mexanizmi zəifdir: “Bu səbəbdən də strukturun yox, mexanizmin və fəlsəfənin dəyişməsi vacibdir. Elə bir mexanizm olmalıdır ki, icra başçısı istəsə də rüşvət və korrupsiyaya bulaşa bilməsin. Düşünmürəm ki, hazırkı Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin artırılması idarəçiliyi yaxşılaşdırsın və yerli əhəmiyyətli problemlərin həllinə kömək etsin. Səhv etmirəmsə ölkədə 1500-ə yaxın bələdiyyə var. Təsəvvür edin ki, 70-80 icra başçısının yaratdığı problem bu qədər narazılığa səbəb olursa, 1500-ə yaxın bələdiyyənin idarəçiliyi hansı nəticələrə gətirib çıxara bilər. Odur ki, çıxış yolunu ictimai nəzarətdə və müxalifətin iştirakçılığının təmin olunmasında görürəm”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678