“Onlar güllələnməlidir, gərək araq verərdilər” – Aqil Abbasdan ironik açıqlama

11 Baxış

Son günlərdə heyvanlara işgəncə verilməsi və onlarla amansız rəftar edilməsi ilə bağlı tez-tez görüntülər yayılır.

Belə ki, bu il Bərdədə itlərin kütləvi şəkildə öldürülməsi, Sumqayıtda ət kəsimi məntəqəsində heyvanın ağzının bağlanması, qarpız sahələrinə ciddi ziyan vuran tülküyə qarşı qəddarlıq göstərilməsi və son olaraq itlərin avtomobilə bağlayaraq yolboyu sürümələri ilə bağlı görüntülər yayılıb.

Müxtəlif vaxtlarda yayılan bu görüntülər heç də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri arasında bu cür halları normal qiymətləndirənlər olsa da, bunun heyvana əziyyət olduğunu deyərək, bənzər davranışa yol verən şəxslərin cəzalandırılmasını tələb edənlər də az deyil.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Aqil Abbas məsələyə ironiya ilə yanaşıb:

“Heyvanlarla bu cür rəftar edənlər güllələnməli, ömürlük həbs cəzasına məhkum edilməlidirlər. Bir dənə video paylaşıblar. Tülkü ziyanlıq edib, adamlar da tülkünü döyüb videoya çəkiblər. Səhv ediblər. Gərək videoya çəkməzdilər. Fikrimcə, onlar tülkünü döyməli deyildilər, ona 2 dənə toyuq tutub verməli, süfrəyə dəvət etməli idilər. Tülküyə 100 qram araq verməli, başını sığallamalı idilər. Tülkü gəlib onların təsərrüfatını dağıdıb, bu da tülkünü vurub. Neyləməlidirlər?

Ona görə də təklif edirəm ki, bundan sonra kənd camaatı tülküləri görəndə onlara salam versin, baş əysin, hörmət eləsin, boyunlarına qırmızı bant bağlasınlar.

Uşaqlardır. 18 yaşında uşaq nə qanır? Çəkməkdə səhv ediblər”.

Deputat söyləyib ki, keçmişdə heyvanları vuran şəxsləri mükafatlandırırdılar:

“Biləsiniz ki, keçmişdə tülkü vuranı 30 manat, çaqqal vuranı 40, canavar vuranı isə 50 manat məbləğində mükafatlandırırdılar. İndi bunları vurmaq qadağan olunub. Canavar gəlib kəndə girir, qoyun sürüsünü dağıdır,yaralayır, salamatını da götürüb gedir. Bu heyvanları güllə ilə vuran şəxslər də məsuliyyətə cəlb edilir. Belə şey olar? Deməli, gəlib məni yeməlidir, deməliyəm ki, məni tutun, amma onlara dəyməyin?! Ayıbdır”, – deyə deputat söyləyib.