“Reket” jurnalistlərin hamısı ifşa edilməlidir – Deputat

94 Baxış

“Yeni qəbul edilən “Media haqqında qanun”da medianın bir çox sahələri müvafiq maddələrlə tənzimlənir. O cümlədən, “reket”lik, hədə-qorxu ilə pul tələb etmə kimi addımlarla bağlı cəzalar nəzərdə tutulub”.

Turanmedia.az xəbər verir ki, bu sözləri Modern.az-a jurnalistikada “reketçiliklə” mübarizə haqqında danışan deputat Vüqar İskəndərov deyib. O qeyd edib ki, əvvəlki illərdə bu sahədə, həqiqətən, problemlər mövcud idi:

“Bir çox məmurlar kiçik və orta ranqlı məmurlara qarşı “raketçilik”lə məşğul olan insanları istifadə edirdilər. Həmin şəxslər rayonlarda bütün idarə müəssisələrə ezamiyyələr edir, cürbəcür vəsiqələr göstərib, məmurları qorxudaraq, onlardan pul tələb edirdilər. Hətta çəkilişlər, səsyazmaları və s. ilə təhdid edirdilər. Bunların bir çoxu ilə müvafiq orqanlar mübarizə aparırlar. Dəfələrlə belə “jurnalistlər”in həbs edildiyini, bu sahədən uzaqlaşdırıldığını müşahidə etmişik.

Media sahəsində hələ də belə insanlara rast gəlinir. Düşünürəm ki, burada qanunun sərtliyinə böyük ehtiyac var. Çünki jurnalistika sahəsi müqəddəs peşədir, jurnalistlər cəmiyyəti irəli aparan aydınlardır. Bu insanların təbii ki, həyat fəaliyyəti şəffaf olmalı, onlar sözün əsl mənasında öncüllük statusunu saxlamalıdırlar”.

Deputat qeyd edib ki, son illərdə sosial şəbəkələrin də cəmiyyətə böyük təsirləri var:

“Klavyatura arxasında özünü jurnalist, ekspert hesab edən insanlar var və onlar cəmiyyətdə baş verən hadisələrə öz şərhlərini verirlər. İnsanlar bu sahədə azaddırlar, fikirlərini söyləməlidirlər. Amma bir çox şəxslər bunları qərəzli edir, hansısa qruplara, insanlara, hətta dövlətlərə belə xidmət edirlər. Hüquq-mühafizə orqanları bu insanlarla məşğuldur. Dəfələrlə prokurorluğa, polisə dəvət olunurlar.

Hesab edirəm ki, “reket” jurnalistika ilə mübarizəni həm qanun, həm cəmiyyət özü tənzimləməlidir. Məsələyə bir tərəfli baxmaq olmaz. Qanunun müvafiq maddələri işləməlidir. Bağışlanma olmamalıdır. Cəmiyyət də burada iştirak edir. Zamanla, vaxt keçdikcə, bu məsələdə özü-özünü tənzimləmə prosesi gedəcək. Qeyri-ciddi fəaliyyətlə məşğul olan şəxslərə və media orqanlarına heç kim inanmayacaq, onların qanunsuz əməllərinə göz yummayacaq. Qanuni tənzimləməyə uyğun hər kəs müraciət edib, belə şəxsləri ifşa edəcək