Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

29 il sonra onun ailə üzvlərinin ölümü təsdiqləndi – Tək-tənha qalan köçkünün ACI XATİRƏSİ

101 Baxış

Bəxtiyar Ələsgərov 17 yaşı olanda bütün ailəsini itirib. Ağdərə rayonunun Baş Güney kəndini tərk edəndə döyüşdən birbaşa əlindən-qolundan güllə, ayağından isə minaatan mərmisindən açılan qəlpə yarası ilə xəstəxanaya təxliyyə edilib.

Elə əbədi olaraq tənhalığın başlanğıcı da xəstəxana palatasından başlayıb… Orada eşidib ki, kəndin işğal günü – 12 mart 1993-cü il tarixdə ailəsindən heç kim sağ çıxmayıb:

“Atam tez dünyasını dəyişmişdi. Anam bacımı və məni götürərək öz ailəsinə dönüb ata evində məskunlaşmışdı. Kəndimiz erməni terrorçuları tərəfindən işğal olduğu günədək baba və nənəmin himayəsində yaşamışıq.

Evimizdə bizdən başqa xalam, nənəm və birdə babam vardı, yəni 6 baş ailə idik. Martın 12-də bütün qonşu kəndlərin üzrinə bir ordu hücum çəkdi. Bütün kəndlər az vaxt içərisində işğal oldu. Bizim kənd qaldı mühasirədə. Gecə olanda baxdıq ki, bütün kəndlər alınıb biz qalmışıq ortada. Uşaqlar, qadınlar qocalarda qaldı ortalıqda…”

Həmin dəhşətli gecədə özünmüdafiə batalyonu ermənilərin mühasirəsini yararaq kənd sakinlərini kəndddən çıxartmağa çalışır. Beləcə camaat hissə-hissə meşəylə Ağdam istiqamətində yola düşür.

İlk çıxan kənd sakinləri Bəxtiyar yaralı olduğu üçün onu da özləri ilə götürür. Bəxtiyarın bacısı Nərgiz isə qardaşına məxsus silahı alaraq döyüşməyə davam edir. Çünki onların anası, xalası, nənəsi və babası kənddə qalmışdılar. İçlərində yataq xəstəsi olanlar da vardı:

“Babam idi, yaşı 100-ü keçmişdi, Qəribov Balay Ələsgər oğlu. Nənəm, İsmayılova Saray Eyvaz qızı, onun yaşı da 80-i keçmişdi. Anam Ələsgərova Zabilə Balay qızı, 1946-cı il təvəllüdlü, xalam, Ələsgərova Ramilə Balay qızı o da 1952 ya da 54 təvəllüd idi. Bacım Nərgiz 1972-ci il təvəllüdlü idi”.

O gün, bu gün Bəxtiyarın ailəsindən heç bir xəbər gəlmir. Xəstəxanada Bəxtiyara xəbər verilir ki, Naftalan şəhərində məcburi köçkünlərə otaq paylanılır.

Bəxtiyar yaraları tam sağalmamış üz tutur Naftalana. Müalicə sanatoriyalarının birində yerləşdirilir. Deyir ki, tək olduğumu bilən Xocalıdan olan məcburi köçkünlər qoymadılar ac qalam. Mənə çox isti münasibət bəslədilər.

Həmin gündən Bəxtiyar bir tərəfdən ailəsini araşdırmağa, digər tərəfdən isə işləyib çörəkpulu qazanmağa başlayıb. Bir müddətdən sonra Tərtərə köçərək orda məskunlaşır.

Tərtərə köçməkdə məqsəd isə rayonun Ağdarə ilə həmsərhəd olması olub. Yəni, bir gün ailəsindən kimsə gələrsə, onu qarşılamağa hazır olsun.

Torpaq götürüb, özünə, öz əlləri ilə ev tikib. Bünövrəsindən başlayaraq evin dam örtüyünü belə özü vurub. Qonşularda olan ağsaqqallar ona elçi gedib. Kənddən gözaltı etdiyi qızı ona alıblar. İndi 2 oğlu, bir qızı var.

Qızına döyüşdə qəhrəmanlıqla şəhid olan bacısı Nərgizin adını verib. Ailəsinin həlak olması haqqında isə 29 il müddətində bir rəsmi sənəd əldə edə bilməyib. Nəhayət Vətən müharibəsindən sonra bu işə əncam çəkməyə başlayıblar:

“Həqiqətən mən çox əziyyət çəkdim. 29 ildən sonra keçən il onların ölüm kağızın həmin təsdiqlətdim. Onların haqqında heç bir sənəd yox idi. Heç bir şeyi təsdiqlədə bilmirdim. Hara müraciət edirdiksə, eyni cavablar, eyni məktublar üstümüzə qaydırdı”.

İndi iki arzusu var. Birincisi, ailəsinin erməni quldurları tərəfindən məhv edilməsi haqqında rəsmi sənədi əldə edib qızı Nərgizə kişi qeyrətli şəhid bibisinin adını daşıdığını təsdiq edən kağızı göstərmək.

İkincisi isə qardaş əvəzinə silaha sarılıb döyüşən bacısının şəhid olduğu doğma kəndinə qayıdıb orada yaşamaq. Çünki Bəxtiyarın o kənddə dolaşan xatirələrindən başqa kimsəsi yoxdur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678