Gözdən əlil abituriyentlər üçün ayrılan plan yerləri açıqlandı

11 Baxış

2022/2023-cü tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün Azərbaycan bölməsi üzrə 20 plan yeri ayrılıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Ölkə.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2022-ci il avqustun 22-dən 26-dək (saat 17:00-dək) Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:

– Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

-Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);

– “Abituriyentin elektron ərizəsi”.

Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Qeyd: Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul ilə bir yerdə aparılacaq.