Mirvari Qəhrəmanlını kim və niyə danışdırır? – ƏTRAFLI

23 Baxış

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR rəhbərliyində əməkhaqlarının artırılmasını təsdiq edən maaş cədvəlindən çıxarışlar paylaşıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, əvvəllər SOCAR-ı və onun rəhbərliyini gecə-gündüz tənqid edən, sonra isə hansısa səbəbdən bu tənqidlərini dayandıran Mirvari Qəhrəmanlı yenidən danışmağa başlayıb.

O vaxt deyirdi ki, onun SOCAR rəhbərliyinə hücumlarının arxasında şirkətdən haqq tələbi dururmuş. Yalnız bu istək qarşılandıqdan sonra Mirvari xanım nə SOCAR-ı, nə də orada baş verən biabırçılıqları görməməyi qərara aldı.

Bəs indi nə baş verdi ki, neftçilərin hüquqlarının müdafiəçisi ard-arda tənqidi materiallar verir?

Dəqiq məlumata görə, əvvəlki rəhbərliyin dövründə şirkətdə mövqe əldə etmiş və indi də öz mövqelərini qoruyub-saxlamağa çalışan bəzi vəzifəli şəxslər bu yolla şirkətin yeni rəhbərliyini hədəfə gətirməyə çalışırlar.

Məlumdur ki, Rövnəq Abdullayevin dövründə SOCAR-ın idarələrindən biri media ilə çox sıx işbirliyi qurmuşdu. Bu fəaliyyətin əsasında bir neçə sayta rəhbərlik edən şəxs vasitəsilə şirkət haqqında tənqidi materiallar verən saytlar aylığa otuzdurulurdu və susdurulurdu. Eşitməyən, tabe olmayan saytlara qarşı isə xüsusi haker qrupu tərəfindən hücum təşkil edilir və dağıdılırdı.

Bundan başqa, SOCAR-ın əvvəlki rəhbərliyi öz media imperiyasını yaratdı və on milyonlarla vəsaiti yeni saytların maliyyələşdirilməsinə yönəltdi. Deməli, şirkətin böyük məbləğdə vəsaitləri jurnalistlərin, hüquq müdafiəçilərinin susdurulmasına, yeni təbliğat ruporlarının yaradılmasına və fəaliyyətinin təmin edilməsinə yönəldildi.

Son məlumata görə, şirkətin yeni rəhbərliyi korrupsiya, mənimsəmə, israfçılıq kimi halların qarşısını almaq üçün ciddi fəaliyyətə keçib. Artıq qaranlıq məqsədlər üçün mediaya milyonlar axıdılmır. Bu hal müəmmalı layihələrdən öz payını alan SOCAR-dakı bəzi şəxsləri qane etmir və Mirvari Qəhrəmanlı kimi hüquq müdafiəçilərinin hazırkı ağzıgöyçəkliyi də məhz bu amillə bağlıdır. Ona pul verirlər, məlumat ötürürlər və bu yolla da guya SOCAR-da özbaşınalıq hökm sürdüyünü, vəzifəli şəxslərin öz maaşlarını artırdığını, sıravi neftçilərin isə səfalət içində qul kimi işlədiyini ictimai rəyə sırımağa çalışırlar.

Amma belə bir sual yaranır: qəpik- quruş alıb milyardları mənimsəmək yaxşıdır, yoxsa normal maaş alıb əliəyrilikdən təcrid olunmaq?

Bax, neftçilərin hüquqlarını müdafiə edən bu xanım bu gün şirkətə hücum təşkil etməklə o milyardların həsrəti ilə yaşayan qaniçənləri müdafiə edir.

Burada bir faktı xatırlatmaq tam yerinə düşər. Belə ki, 2014- cü ildə Mirvari Qəhrəmanlının qızı, Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın ciddi problemi yaranmışdı. Rauf Mirqədirovun işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilmişdi, evində axtarış aparılmışdı, amma sərbəst buraxılmışdı.

Bundan sonra isə o, Leyla Yunusun təhriki ilə ölkəni tərk edərək, xarici ölkələrin birinə sığınmışdı. Həmin vaxt bu addımın istintaqın gedişinə mane olmaq və onu başqa istiqamətə yönəltmək məqsədilə atıldığı ehtimal edilirdi. Mətanət xanım bildirirdi ki, həbs təhlükəsindən qurtulmaq üçün bu addımı atıb. Anası Mirvari Qəhrəmanlı isə bir az keçmiş iddia etmişdi ki, Mətanət xarici ölkədə tədbirdə iştirak edir, tezliklə qayıdacaq, heç kim onu həbs etməyib.

Bunların hansının düz, hansınınsa səhv olduğu barədə nəsə demək hələ də çətindir. Amma anlaşılan odur ki, M.Qəhrəmanlının iddialarının, açıqlamalarının tam əksəriyyəti bu haldakı kimi ya dolaşıq olur ki, ictimai rəyi başqa istiqamətə yönəltsin, ya da SOCAR-la bağlı açıqlamalarında olduğu kimi, məqsədli, sifarişli xarakter daşıyır ki, kimlərisə hədəfə gətirsin.