Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Su” deməkdən dili suluq atan Dağ Quşçu sakinlərinin dərdinə kim və nə vaxt əlac edəcək? – VİDEO

99 Baxış

Uzun illərdir su üzünə həsrət qalan Siyəzənin Dağ Quşçu kəndinin sakinləri fəryad edir. Kənd sakinləri nə içməli, nə də suvarma suyu tapmadıqları üçün əlacsız vəziyyətdə qaldıqlarını deyirlər. Belə ki, 565 sakini və 102 evi olan kənddə su olmadığından insanlar öz yaşayış məskənlərini tərk etmək məcburiyyətində qalırlar.

Kənd sakinlərinin dediyinə görə, mövcud vəziyyət 6-7 ildir bu cür davam edir. Dəfələrlə Azərsu ASC-yə, Rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciət olunsa da, problemin həlli istiqamətində heç bir addım atılmayıb. Sakinlər rayon mərkəzindən cəmi 18 kilometr aralıda yerləşən kənddə içməli suyun olmamasını yaşadığımız texnologiya dövründə sözün əsl mənasında biyabırçılıq kimi qiymətləndirirlər. Son çıxış yolunu isə media vasitəsi ilə ölkə Prezidenti İlham Əliyevə müraciət etməkdə görürlər.

Qeyd edək ki, təxminən il yarım öncə adıçəkilən kənddə sakinlərin dəvəti ilə çəkiliş aparan zaman əhalinin necə əziyyət çəkdiyini öz gözlərimizlə görmüşdük. Həmin vaxt aidiyyatı qurumlar məsələnin nəzarətə götürüləcəyini və tədbirlər planına salınacağını desələr də, bugünədək heç bir əməli addım atılmaması insanları yenidən mediaya üz tutmağa vadar edib. Biz də öz növbəmizdə Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, həmin kəndə “Azərsu” ASC tərəfindən xidmət göstərilmir və 2022-ci il üçün layihə nəzərdə tutulmayıb.

Ətraflı
“Azərsu” rəsmisinin bu açıqlaması əhvalımızı korlasa da ümidimizi itirməyərək problemin həlli üçün digər aidiyyatı qurumların və şəxslərin hansı işlər gördüyünü və ya planlaşdırdığını öyrənməyə çalışdıq. Öncə Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayevlə əlaqə saxladıq. İcra Hakimiyyətinin rəsmisi bildirdi ki, hazırda maşınlar vasitəsilə kəndə su göndərirlər və bu yolla da sakinlərin içməli suya olan tələbatını ödəməyə çalışırlar. Sadəcə olaraq bərk isti havalarda maşınlar dağ kəndinə qalxa bilmədiyindən, suyun çatdırılmasında bir-iki gün fasilələr yaranır.

Problemin köklü şəkildə həll olunmasına gəlincə isə başçının müavini bu istiqamətdə aidiyyatı qurumlara və hökumətə müraciət etdiklərini deyib. Həmçinin İcra Hakimiyyətinin 2019-2022-ci illəri əhatə edən sosial layihəyə də kəndin su probleminin salındığını diqqətə çatdırıb.

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən seçilən millət vəkili Sadiq Qurbanovun köməkçisi Elnur Rahimov isə bildirib ki, Siyəzənin dağ kəndlərinin su ilə təmin olunması üçün 2021-ci ildə Nazirlər Kabinetinə müraciət edilib. Cavabında isə bildirilib ki, bu məsələ 2022-2023-cü ilin layihəsinə salınacaq: “Millət vəkili Sadiq Qurbanovun təşəbbüsü ilə həmin kəndə 70-100 ton arası su çəni göndəriləcək. Bu çən vasitəsi ilə əhali problem tam həllini tapana qədər içməli sudan istifadə edə biləcək. Orada su problemi olan digər kəndlərin sakinləri ilə də mütəmadi əlaqə saxlayırıq. Hətta iki kəndə millət vəkilinin təşəbbüsü ilə su çəkilib. Dağ Quşçu kəndinin də su probleminin həlli istiqamətində əlimizdən gələni edəcəyik”.

Beləliklə Dağ Quşçunun su problemi artıq gələn ilin layihəsinə salınıb və yəqin ki, məsələnin həlli istiqamətində addımlar atılacaq. Bu vəziyyətdə kənd sakinlərinə bir az da səbr etmək qalır. Necə deyərlər “yüzə dözən yüz birə də dözər”. Təki su problemi həll olunsun və kənd sakinləri nəhayət aydınlığa çıxsın. Axı “su aydınlıqdır”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678