Jurnalistlərin payız qurultayı – Mətbuat Şurasında fundamental dəyişiklik olacaqmı?

17 Baxış

Azərbaycanda media sahəsində posthəsənov dövrünün üçüncü ilidir. Artıq bu dövrdə media islahatı mərhələ-mərhələ davam etdirilir. Görünən odur ki, bu ilin payız mərhələsi daha təsirli olacaq. Media subyektlərinin reyestr xidmətinin aparılması bu sahədə yeni hüquqi yanaşmaları ortaya qoyacaq. Amma hələ ki, bizi qane etməyən tərəflər var idi. Daha doğrusu, əgər dərinləşən media islahatlarından danışırıqsa, burada dövlət qəzetlərində, “AzərTAC” kimi təşkilatlarda, Mətbuat Şurasında, audivizual məkanda baş tutacaq yeniləşmələr də diqqətdənkənar qalmamalıdır. Hesab edirəm ki, üç il bizə imkan verirdi ki, bu barədə xeyli dəyişikliklərə nail olaq. Firkimin əsas qayəsi odur ki, işlər ləng getməməlidir. Çünki zamanın, texnologiyanın və digər çağırışların tələbi ilə ayaqlaşmalıyıq.

Amma Mətbuat Şurasının elan etdiyi qurultay islahatlarda pozitiv siqnallardan biri kimi xarakterizə edilə bilər. Lakin burada məni və bir çox həmkarlarımı düşündürən əsas tezislərın altından qırmızı xətt çəkməyin vaxtıdır. Onlardan biri budur ki, Mətbuat Şurasının yenilənməsinə ehtiyac varmı? Əgər varsa, qurultaydan sonrakı təşkilat necə olmalıdır?

Əvvəla, son üç il göstərdi ki, Əflatun Amaşovun rəhbərlik etdiyi qurum dişsiz, islahatlara töhvə verə biləcək potensiala malik olmayan təşkilat kimi cəmiyyətdə nüfuzunu itirmişdi. Burada birbaşa Amaşovun günahı olmasa da, ona tam haqq qazandırmaq da mümkün deyil. Əli Həsənovun tam inhisarında olan Şura yalnız dələduzlara qarşı epizodik mübarizəsi və mediasiya işləri ilə yadda qalmağa çalışdı.

Amma bununla belə bütün jurnalistlər arasında məbəd rolunu oynaya bilmədi, jurnalistlərin inam yerinə çevrilmədi. Belə təşkilat istər dövlət qurumlarında, istərsə də cəmiyyətdə söz sahibi ola bilməz. Ona görə də Şuradan islahatların əsas hədəfinə çatması üçün töhfə gözləmək sadəlövhlük olardı. Bu mənada Amaşovla bu hədəflərə nail olmaq qeyri-mümkün idi. Bu, ayrı-ayrı kluarlarda, yazarların qeyri-rəsmi görüşlərində əsas müzakirə obyekti idi. Ona görə də ümid edirik ki, təxminən iki həftədən sonra keçirilən qurultay media tarixinə “İslahatların payızı” kimi düşməsin.

Yeri gəlmişkən, artıq Mətbuat Şurasının sədrliyinə əsas namizəd kimi Rəşad Məcidin adı çəkilir. Lakin digər namizədlər də var. Həmkarım, “Visiontv” saytının baş redaktoru Şöhrət El-Dəniz də Mətbuat Şurasında fundamental dəyişikliklərin zərurətindən dəfələrlə danışıb.

O bildirib ki, ictimai təşkilatların cəmiyyətdə nüfuzu, etibarı dövlət qurumlarından daha yüksəkdir. Bu baxımdan Mətbuat Şurası bir ictimai təşkilat olaraq bu günə kimi çox iş görə bilərdi. Peşəkar media işçisi olaraq həmkarım Mətbuat Şurasını əvvəllər fəaliyyət göstərən KİVDF-nin, Əli Həsənovun arxa bağçası adlandırıb: “Mətbuat Şurasını nüfuzlu, bütün medianın qəbul etdiyi, beynəlxalq əlaqələrinin aktiv olduğu ciddi bir quruma çevirmək lazımdır. Bunun üçün Mətbuat Şurasına media cameəsinin və cəmiyyətin qəbul etdiyi, nüfuzlu, etibarlı insanlar gəlməlidir”.

Mən də hesab edirəm ki, Mətbuat Şurası cəmiyyətdə çox nüfuzlu bir orqana çevrilməlidir. Onun rəhbəri xarizmatik, prinsipial, cəmiyyətdə böyük nüfuz sahibi olan həmkarımız seçilməlidir. Bu şəxs media islahatının qızğın tərəfdarı olmaqla, bu və ya digər səbəbdən linç edilmiş, təcrid edilmiş, azad sözə, fikrə böyük önəm verən qələm adamlarının, eləcə də əksər media subyektləri rəhbərlərinin dərin inamını qazanmalıdır.

Məhz yeni Mətbuat Şurasının rəhbəri özünün nüfuzu ilə Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi layihələri, islahatları dəstəkləyə və bu istiqamətdə mühüm səfərbərliyə nail ola bilər. Həmin səfərbərlik sosial ədalətin maraqlarına uyğun olaraq təmin olunmalıdır.

Mətbuat Şurası bu baxımdan məlumatların əlçatan olması üçün daim jurnalistlərin, peşəkar media işçilərinin yanında olmalıdır. Medianın gücünü, nüfuzunu artırmaq üçün yeni üsullar təklif ediməli və ya unudulmuş metodlardan istifadə olunmalıdır.

Ölkədə sosial ədaləti yalnız dövlət qurumları təmin etmir. Bu sahədə medianın işi də çox önəmlidir. Dövlət başçısının, Müzəffər Ali Baş Komandanın ikinci Qarabağ müharibəsində göstərdiyi iradənin nəticəsində biz mühüm zəfərlərə nail olduq. Bu gün media sahəsində dərinləşən islahatlarda da bu zəfərlərə nail olmaq üçün media siyasətini kökündən dəyişdirmək üçün ikinci dərəcəli strategiya tələb olunur. Həmin strategiya çox nüfuzlu Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyinin birgə fəaliyyəti ilə həyata keçə bilər.

Sevindirici haldır ki, bu gün media islahatları hərəkatı media demokratiyası konsepsiyası ilə üst-üstə düşür.

Həmkarım, “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli ilə vurğulayır ki, “Azərbaycan Jurnalistlərinin növbəti Qurultayı media adına böyük hadisə hesab edilə bilər. Təkcə ona görə yox ki, belə media cameəsi bir yerə toplaşıb, gələcək addımlara qərar verir, həm də bu qurultaydan böyük gözləntilər var. Həmkarım haqlı olaraq deyir ki, “Vətən müharibəsində apardığımız informasiya müharibəsi və postmünaqişə reallıqlarında informasiya sahəsində mübarizə aparmağın yeni tələbləri də bu şərtləri bir qədər də belə demək mümkünsə, sərtləşdirdi. İndi mediada yeni tələblər, yeni tendensiyalar yaranıb.

Əksəriyyət etiraf edir ki, müsbətə doğru dəyişikliklər ciddi şəkildə nəzərə çarpır. Bu prosesdə əsas lokomotivin Medianın İnkişafı Agentliyi olduğu fikri ilə də hər kəs razılaşır. Lakin Mətbuat Şurasından da gözləntilər böyükdür, çünki MEDİA dövlətin dəstəyinə vasitəçilik edirsə, o cümlədən, medianın peşəkarlaşması istiqamətində əlindən gələni edirsə, Mətbuat Şurası bu prosesdə axsayır. Halbuki, bu prosesin önündə Mətbuat Şurası getməlidir. Təəssüf ki, bunun belə olduğunu demək çətindir”.

Göründüyü kimi, həmkarım da vurğulayır ki, “Mətbuat Şurasının nüfuzu lazımi səviyyədə deyil və bu, medianın inkişafında mühüm rol oynamalı olan Şuranı proseslərə daim geridən boylanmasına gətirib çıxarır. Sadə dillə desək, Şuranın sözü, qərarı o qədər də ciddiyə alınmır. Bunu yenilənmə, gəncləşmə, müasir çağırışlara cavab verən heyətlə həll etmək olar. Bu baxımdan, növbəti qurultaydan gözləntilərimiz çoxdur və düşünürük ki, Mətbuat Şurasında da yeni dövrün başlanmasının zamanı çatıb”.

Bu baxımdan ümid edirik ki, məhz nüfuzlu Mətbuat Şurası ilə Medianın inkişafı Agentliyi bir media islahatları hərəkatı yarada və jurnalistikanın önəmini artıra bilər. Yaddan çıxarmayaq ki, bu hərəkat ənənəvi media şəbəkələrinin maraqları da nəzərə alınmaqla internetə və onun təklif etdiyi bir çox sosial media alətlərinə də əsaslanmalıdır.