Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Şəhid mövzusunda hər birimiz arxa plana keçməliyik, bəziləri özlərini nümayiş etdirirlər”

96 Baxış

Son günlər bəzi tanınmışların erməni təxribatları nəticəsində şəhid olmuş hərbçilərimizin dəfn mərasiminə qatılması müxtəlif müzakirələrə yol açıb. Belə ki, məşhurların paylaşdıqları foto və videolarda qeyri-səmimi olduğu əsas gətirilərək, tənqid edilib.

Bundan əlavə, TikTok “ulduzları”nın da dəfn və yas mərasimindən canlı açaraq izləyicilərindən gül istəməsi danışılan mövzular sırasındadır.

Həmçinin yas mərasimində masa başında kollektiv foto çəkdirənlər nümayişkəranə şəkildə olduğu hesab edilərək qınanılanlar arasında idi.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli deyib ki, insanlar çalışmalıdır ki, yas mərasimlərində şəhidlərin şəninə xələl gətirən davranışlara yol verməsinlər:

“Məlum olduğu kimi şəhidlərin yas mərasimlərində və dəfnlərində geniş kütlə iştirak edir və bu da xalqımızın şəhidə verdiyi dəyərin göstəricisidir. Şübhəsiz ki, bu şəhid dəfnləri adi dəfn mərasimi deyil və onlar bir tədbir kimi KİV-də işıqlandırılır. Düşünürəm ki, orada iştirak edən insanlar da ayrı-ayrı halları ictimailəşdirə bilər, amma faciə yaşamış bir ailənin ağlamaq görüntülərini və yaxud da hansısa bir şəkildə kameranın qarşısına çıxarmaq yanlışdır. Şəhid dəfnlərinin fonunda insanlar özlərinin iştiraklarını qabartmamalıdır. Yas mərasimlərini işıqlandırmaq istəyirsə, elə etməlidirlər ki, gənclərimiz üçün bir vətənpərvərlik örnəyi olsun, insanlar şəhidə verilən dəyərin şahidi olsunlar. Amma bəzən görürük ki, şəhid mərasimləri bəhanə olur. Bəzi orada iştirak edən insanlar özlərini nümayiş etdirirlər və bu təbii ki, qəbuledilməz bir haldır. Yəni şəhid mövzusu gələndə biz hər birimiz arxa plana keçməliyik və şəhid ailəsinin valideynlərinin dəyərini çatdırmalıyıq. İstənilən şəxs istənilən bir ailənin dar günündə o vəziyyəti göstrərkən diqqətli olmalıyıq. Çalışıb elə bir şəkildə göstərmək lazımdır ki, şəhidimizin şəninə xələl gəlməsin. Çünki bu görüntüləri sosial şəbəkələrdə paylaşdığımız zaman yüzlərlə, minlərlə insan görür. Bəzən düşmən dövlətlərdə də bunu görürlər. Ona görə də burada insanlar məsələlərə həssas yanaşmalıdırlar. Dinimiz də şəhadətə böyük dəyər verir, məqam verir və şəhid məqamının uca tutulmasını tövsiyə edir. Ona görə də şəhidlərimizin uca məqamına xələl gətirəcək istənilən görüntüdədən çəkinməliyik”.

Hacı Şahinin sözlərinə görə, görüntü xatirinə yas mərasimlərinə getmək günah əməldir:

“Şəhid dəfnində iştirak, ümumiyyətlə, doğmasını itirmiş bir ailənin yanına getmək, onlara başsalığı təsəlli vermək dinimizdə bəyənilən əməldir. Xüsusilə şəhid ailələrini diqqətdə saxlamaq, yas mərasimlərində iştirak etmək dinimizin ən çox tövsiyə etdiyi əməllərdən biridir. Bu həm insanı axirətə yönəldir, həm şəhid ailəsinə, əzizini itirmiş insanlara təsəlli olur. Amma təbii ki, istənilən əməldə niyyət önəmlidir və niyyət Allahın rizası üçün olmalıdır. İnsan bu kimi əməlləri Allahın razılığını qazanmaq üçün etməlidir, amma bizim niyyətimiz qarışıq olarsa, bu kimi addımlar atarkən özümüzü insanlara göstərmək istəsək, o zaman bizim əməllərimizin heç bir dəyəri olmur. Bu əməllər hətta savab yox, günah hesab oluna bilər. Niyyət Allaha xatir olmazsa, əməlimiz günah sayılar ki, bu da Allah qatında bəyənilməz əməldir”.

QMİ-nin Qazilər Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli də Ölkə.Az-a açıqlamasında bildirib ki, yas və dəfn mərasimlərində iştirak etmək savab əməldir:

“Azərbaycan mədəniyyətində, Azərbaycan dəyərlərində yas və ya dəfn mərasimləri öz xüsusi dəyərlərə malik olub və heç kim bu dəyərlərin əleyhinə çıxa bilməyib. Şəhidlərin dəfn mərasimlərində milli-mənəvi dəyərlərimizi qoruyaraq, hər kəs ehtiram etməlidir. Milli, dini kimliyinə, dəyərlərinə ehtiram edən insan öz şəxsiyyətinə hörmət etmiş kimidir.
Təbii ki, xoşa gəlməyən hadisələr də baş verdi. Bunun üçün də insanlar gərək bir az maariflənsinlər, oxusunlar, müəyyən məsələlərdə din xadimlərindən məsləhət alsınlar. Bu gün yas mərasiminə və ya şəhidin yasına gedən hər hansı bir insan dünyadan gedənin qohumlarına başsağlığı, təsəlli verir. İslamda başsağlığı verməyin çox böyük dəyəri, savabı var və bəyənilir. İnsan başqaları kədərli olanda maddi və mənəvi tərəfdən onların yanında olmalıdır.
Sosial şəbəkələrdə, şəhid yas mərasimlərində “mən də buradayam” demək üçün şəkil çəkdirənlər rastımıza çıxır. Özünü reklam etmək üçün gedib yas mərasimində şəkil çəkdirir. Cammat nə hayda, bu isə öz gündəmi ilə məşğuldur. Belə hallar bəyənilmir, qəbul olunmur. Bu, insanının həm əxlaqi baxımdan həm insaniyyət baxımından ziddiyyət təşkil edir. Bəzi hallarda insanlar dəfn mərasimlərində öz iştirakı ilə bağlı foto çəkdirib fikrini ifadə edə bilər, amma baxır harada və nə cür.
İnsanların kütləvi olduğu, qəmli, kədərləndiyi bir vəziyyətdə özünü çəkib paylaşması düşünürəm ki, onu qınaq obyektinə çevirəcək və bu, yolverilməzdir”, – deyə o əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678