Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Düşmən təxribatına layiqli cavab verən igid oğullarımız xalqımıza yenidən bütöv Azərbaycan qürurunu yaşatdı.

109 Baxış

Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildəki fəaliyyəti ilə Öz xalqına böyük məhəbbət bəslədiyini, xalqın bütün arzu və istəklərini gerçəkləşdirməyi həyatının əsas amalı saydığını əyani şəkildə təsdiqləyib. Dövlət başçımız gözəl bir ənənə də yaradıb: O, həyatının özəl günlərini, bir qayda olaraq, qayğıya ehtiyacı olan insanlarla, o cümlədən də son üç onillik ərzində qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızla keçirməyə üstünlük verir. Prezident İlham Əliyev növbəti doğum günü ərəfəsində isə birinci xanım Mehriban Əliyeva ilə birlikdə Vətən müharibəsində işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olub. Dövlət başçımız işğaldan azad edilən Qubadlıda və Zəngilanda Azərbaycan bayrağını ucaldıb, şanlı qələbəmizin sevincini əsgər və zabitlərimizlə bölüşüb. Qubadlıda Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyev 44 gün çəkən Vətən müharibəsində qazanılan şanlı qələbənin ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdiyini bildirib. “Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.

Azərbaycan Ordusu 44 gün ərzində düşməni tam təslim olmağa məcbur etdi

Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan təmizlənən ərazilərdə çəkilən foto və videomateriallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Bu istehkamların yaradılmasına böyük maliyyə vəsaiti xərclənib. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də, necə deyərlər, əngəl yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər ovuc içi kimi görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni tam təslim olmağa məcbur etdi. Dövlətimizin başçısı bunu qəhrəmanlıq kimi dəyərləndirərək “44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır”, – deyə vurğulayıb.

 

Prezident, Ali Baş Komandan İlham Əliyev qürur hissi ilə bildirib ki, torpaqlarımızın işğaldan təmizlənməsi xüsusi plan əsasında həyata keçirilən uğurlu əməliyyatlar sayəsində mümkün olub. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra Ordumuz Qubadlıya istiqamət götürüb. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Yenə də işğalçılar tamamilə dağıtdıqları şəhərin girişində istehkamlar qurmuşdular və ətrafdakı yüksəkliklərdə möhkəmlənmişdilər. Düşmənin hərbi bazalarından biri Xanlıq qəsəbəsində yerləşirdi. Ordumuz həm Qubadlıda qurulan hərbi bazalardan, həm də Ermənistan ərazisindən artilleriya atəşinə məruz qalırdı. Bütün bu kimi amillərə görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi ki, bunu da Azərbaycan Ordusunun şəxsi heyəti bacardı. Silahlı Qüvvələrimiz tərəfindən, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər ələ keçirilib, bundan sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri işğaldan təmizlənib. Yalnız bundan sonra Qubadlı şəhərinə girib buradan düşməni geri otuzdurmaq mümkün olub.

 

Ordumuzun şəxsi heyəti Vətən müharibəsində digər istiqamətlərdə, o cümlədən Qubadlının azad edilməsindən sonra Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan, Türklər kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə də belə fədakarlıqlar göstərib. Hər birimiz üçün son dərəcə əziz olan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatını xatırlayaq. Burada da Silahlı Qüvvələrimizin şəxsi heyəti təsəvvüredilməz bir igidlik, peşəkarlıq nümayiş etdirdi. Ermənistan ordusunun yüksəksəviyyəli rəsmiləri etiraf edirlər ki, azərbaycanlı döyüşçülərin Şuşaya necə daxil olmalarının sirri hələ də onlara qaranlıq duman kimi görünür. Şuşanın strateji mövqeyindən istifadə edən işğalçılar burada güclü müdafiə sədləri qurmuşdular və çoxlu sayda canlı qüvvə toplamışdılar. Düşmən elə hesab edirdi ki, digər tərəfdəki sıldırım qayalar keçilməz təbii istehkamdır. Buna görə də onlar Silahlı Qüvvələrimizin hücumunu şəhərə giriş istiqamətindən gözləyirdi. Əsgər və zabitlərimiz isə məhz qayaları dırmaşmaqla, cığırları keçməklə şəhərə daxil oldular. Şuşanın hər küçəsində, dalanında əlbəyaxa döyüşlər getdi. İnternet resurslarında yaralı silahdaşını çiyninə alıb Şuşa uğrunda döyüşə gedən əsgərimizin fotosu yerləşdirilib. Bu, Vətənə, Şuşa şəhərinə bütün varlığı ilə bağlı olan, doğma torpaqları xain düşməndən təmizləməyi özünə övlad borcu sayan Azərbaycan əsgərinin və zabitinin ümumiləşmiş obrazıdır.

 

Vətən müharibəsində əsgər və zabitlərimizin yüksək vətənpərvərliyini, döyüş ruhunu şanlı qələbəyə çevirən ən mühüm amillərdən biri isə Silahlı Qüvvələrimizin yüksək təchizatı ilə bağlıdır. Son 17 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq Ordumuzun möhkəmlənməsi, döyüş qabiliyyətinin artırılması, kadrların hazırlanması, şəxsi heyətin sosial təminat məsələləri davamlı olaraq diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü siyasətin nəticəsində respublikamız güclü ordu formalaşdırmağa nail olub. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir silahlar var. Ən əsası, Azərbaycan Ordusu dünyanın Vətən müharibəsində qələbəmizi təmin edən başqa bir amilə də diqqət çəkmək yerinə düşər. Bu, Silahlı Qüvvələrimizin tətbiq etdiyi innovativ döyüş taktikası ilə bağlıdır. Bəli, müasir silahlar məsələnin yalnız bir tərəfidir. Əsas məqamlardan biri müasir silahlarla müasir döyüş taktikasının məharətlə uzlaşdırılmasıdır. Bu barədə qürur hissi ilə söhbət açan Prezident İlham Əliyev vurğulayıb: “Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib”.

 

Torpaqlarımızın bir hissəsinin döyüşsüz azad olunması Azərbaycanın böyük uğurudur

 

Vətən müharibəsinin şərti olaraq iki mərhələsi fərqləndirilir: Döyüşlərin aktiv fazası və torpaqlarımızın digər hissəsinin döyüşsüz ölkəmizə təslim edilməsi mərhələsi. Birinci mərhələ sentyabrın 27-dən noyabrın 10-dək davam etdi. Azərbaycanın Silahlı Qüvvələri sentyabrın 27-də düşmənin hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi növbəti təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatlarını uğurla həyata keçirdi. Elə ilk günlərdən təşəbbüsü ələ alan Ordumuz 44 gün ərzində döyüş meydanında düşmənə layiqli dərs verdi. Ordumuz döyüşlərin aktiv fazasında üç onillik ərzində düşmənin nəzarəti altında qalan 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri işğaldan azad etdi. Həmçinin qonşu İranla 130 kilometrlik dövlət sərhədimiz məhz müharibənin aktiv döyüşlər getdiyi fazasında bərpa olundu. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin azad edilməsindən sonra düşmən ölkənin rəhbərliyi daha müharibəni davam etdirmək iqtidarında olmadığını etiraf etdi və noyabrın 10-da işğalçı Ermənistan üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları sənədə əsasən, düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürmək məcburiyyətində qaldı. Bundan sonra torpaqlarımızın digər hissəsinin hərbi əməliyyatlarsız geri qaytarılması mərhələsi başladı. İşğalçı Ermənistan məğlub tərəf kimi Ağdam, Kəlbəcər və Laçın rayonlarını dekabrın 1-dək respublikamıza döyüşsüz təslim etdi. Prezident İlham Əliyev üçtərəfli Bəyanatı yüksək dəyərləndirib. “Noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti var. Təbii ki, əgər biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq, əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı”, – deyə dövlətimizin başçısı vurğulayıb.

 

Torpaqlarımızın bir hissəsinin döyüşsüz geri qaytarılması Azərbaycanın böyük uğurudur. Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz ölkəmizə təslim edilməsi nəticəsində biz yeni şəhidlər vermədik. Ümumiyyətlə, döyüşlərin miqyası ilə müqayisədə Azərbaycanın Vətən müharibəsində texnika və canlı qüvvə sarıdan itkiləri kifayət qədər azdır. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ müharibənin ilk günlərində birmənalı şəkildə bildirirdi ki, əgər Ermənistan işğal altındakı torpaqlarımızdan çıxması ilə bağlı cədvəl təqdim edərsə, döyüşləri dayandırmağa hazırdır. Ancaq işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi avantürist siyasətindən əl çəkmədi, belə bir cədvəl təqdim etmədi və nəticədə də öz dərsini aldı, müharibədə daha ağır itkilərə məruz qaldı. Beləliklə, Azərbaycan şanlı qələbə qazanmaqla tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

 

Asif Fərziyev

Biləsuvar rayon, Ağayrı kənd ümumi orta məktəbin direktoru


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678