Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

12 Baxış

Oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Turanmedia.az xəbər verir ki, bu barədə Ölkə.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla rayonun Qızıloba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Eyni zamanda TƏBİB xəsarət alanların son vəziyyəti ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Onlardan birinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.