Xocavənddəki kütləvi məzarlıqla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

12 Baxış

Xəbər verildiyi kimi, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 ve 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Turanmedia.az xəbər verir ki, Baş Prokurorluqdan konkret.az-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsipləri, o cümlədən «Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülmüş və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilmişdir.