Ermənistanı hələ çox “sürprizlər” gözləyir – MÜSAHİBƏ

26 Baxış

Sosial şəbəkələrdə erməni vəhişiliyini əks etdirən daha bir videogörüntü yayılıb. Əsgərlərimizi vəhşicəsinə qətlə yetirən ermənilər onların meyiti üzərində işgəncələrlə məşğul olur. Halbuki beynəlxalq konvensiyalara görə, məhkumlara qarşı insani və layiqli rəftar hüququ tətbiq edilməlidir. Çünki müharibə əsirləri cinayətkarlar olaraq deyil, hadisələrin qurbanları kimi qəbul edilir. Lakin bu addımlar artıq uzun illərdir ki, Ermənistanın həm də dövlət siyasətinə çevrilib.

Turanmedia.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov mövzu ilə bağlı konkret.az-ın suallarını cavablandırıb.

– Nizami müəllim, ermənilərin meyitləri təhqir etməsi və əsirlərə işgəncə verməsi ənənəvi xarakter alıb və demək olar ki, dövlət siyasətinin bir parçasına çevrilib. Halbuki bu kimi hərbi cinayətlər beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Lakin ermənilər hər dəfə bu normaları kobud şəkildə pozur. Bəs bunun səbəbləri nədir?

– Nəzərə almaq lazımdır ki, müharibələr və silahlı münaqişələr, həmçinin müharibə qurbanlarının müdafiəsi, hərbi əsirlərə rəftar beynəlxalq hüquqla tənzimlənir və bu cür şəxslərin hüquqları qorunur. Ermənistan, ümumiyyətlə, uzun müddətdir ki, beynəlxalq hüquqa etinasız münasibət bəsləyir və 30 il ərzində Azərbaycan ərazilərində müharibə cinayətləri, soyqırım, insanlıq əleyhinə cinayətlər və digər çoxsaylı cinayət əməlləri törədib. Bu, Ermənistanın bir dövlət olaraq və Ermənistan Silahlı Qüvvələrinə mənsub olan şəxslərin hüquqa etinasız münasibətinin bariz nümunəsidir. Hərbi əsirlərlə, girovlarla qəddar rəftar bu günə qədər də davam edir. Hətta Birinci Qarabağ müharibəsində itkin düşən 3890 şəxsin taleyi hələ də məlum deyil. Şübhəsiz ki, onların əksəriyyəti qətlə yetirilib, işgəncəyə məruz qalıb. Bu da öz növbəsində bir daha Ermənistanın törətdiyi beynəlxalq cinayətlərə dəlalət edir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistan 1993-cü ilin 7 iyununda 4 Cenevrə Konvensiyasının və onların 2 əlavə protokollarını ratifikasiya edib. Bu beynəlxalq hüquq sənədlərindən irəli gələn öhdəliklərə riayət etmək Ermənistanın hüquqi borcu idi. Ancaq çox təəssüf ki, təcrübədə biz tamamilə fərqli mənzərə gördük. Ümumiyyətlə, baxmayaraq ki, silahlı münaqişə bitib, lakin informasiya fəzasında, diplomatik cəbhədə bu münaqişə heç vaxt bitməyəcək və Ermənistan bizə faktiki olaraq informasiya fəzasında da müharibə elan edib.

 

Bunun bariz nümunəsi bir sıra hallarda ermənilər tərəfindən onlara məxsus olan sosial şəbəkələrin seqmentində həqiqətəuyğun olmayan feyk məlumatların dövriyyəsidir. Vətən müharibəsinin ilk günündən Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan Respublikası, Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq hüquq normalarına ciddi şəkildə riayət edəcək. Məhz Ermənistan terrorçu dövlət olaraq münaqişə zonasından çox-çox uzaqda yerləşən ərazilərimizə, xüsusən də Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrimizə zərbələr endirirdi və bu zərbələrin endirilməsi öz-özlüyündə bir çox beynəlxalq cinayətlərin tərkibini ehtiva edirdi. Məsələn, kaset sursatlarından, klaster sursatlarından istifadə edirdi və bu terror aktlarının qurbanları mülkü əhali olurdu.

Ümumiyyətlə, 3-cü Cenevrə Konvensiyası, yəni, hərbi əsirlərlə rəftar haqqında konvensiya bu cür kontingentlərdə hərbi əsirlərlə davranış qaydalarını müəyyən edir. Həmin konvensiyanın 3-cü maddəsində hərbi əsirlərin hüquqlarının qorunması əks olunub. Həmin konvensiyanın 13-cü maddəsi birbaşa qeyd edir ki, hərbi əsirlərlə humanistcəsinə rəftar edilməlidir. Bir sözlə, hərbi əsirlərlə qəddar və qeyri-insani davranış həm 3-cü Cenevrə Konvensiyası, həm də 1 saylı əlavə protokolun 85-ci maddəsinə uyğun olaraq müharibə cinayəti kimi elan edilir. Ancaq çox təəssüf ki, bu müddət ərzində biz ermənilər tərəfindən hərbi əsirlərə qarşı qeyri-insani münasibətin dəfələrlə şahidi olmuşuq.

– Beynəlxalq ictimaiyyət uzun illərdir davam edən bu qeyri-insani cinayətlərə görə Ermənistana niyə təzyiq göstərmir?

– Beynəlxalq birlik tərəfindən Azərbaycan-Ermənistan münaqişəsinə həmişə etinasız münasibət sərgilənib. Bu, beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər səviyyəsində mövcud olan ikili standartların bariz nümunəsidir. Nümunə olaraq qeyd edim ki, 1990-cı illərin əvvəlində Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Qarabağla bağlı 4 qətnamə qəbul edir. Həmin qətnamələrdə BMT-nin nizamnaməsində əks olunan ən mühüm beynəlxalq hüquqi prinsiplər-dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı bəyan edilir. Bəs nəyə görə 30 il ərzində bu qətnamələr yerinə yetirilmədi? Məsələn, keçmiş Yuqoslaviya üzrə, Ruanda üzrə xüsusi tribunallar yaradıldı. Həmin dövlətlərin ərazisində törədilən insanlıq əleyhinə cinayətlər, soyqırımlara görə xüsusi tribunallar yaradıldı. Nə üçün belə bir tribunal Azərbaycan üçün yaradılmadı? Məgər, Xocalı soyqırımının digər soyqırımlardan fərqi nə idi? Təsəvvür edin, 2005-ci ildə Livan üzrə xüsusi bir tribunal yaradılır. Bu tribunal Livanın baş naziri Rafiq əl Həriri və onu müşahidə edən şəxslərin qətlə yetirilməsi ilə bağlı faktı araşdırmaq üçün təşkil edilir. Buna görə BMT Təhlükəsizlik Şurası toplaşır və ən qısa müddətdə xüsusi bir qətnamə qəbul edir və Livan üzrə xüsusi tribunal yaradılır. Azərbaycan da Ermənistan terrorundan əziyyət çəkən dövlətdir və biz terror aktlarını harda olmasından asılı olmayaraq qınayırıq. Amma təsəvür edin, bir şəxsin qətlə yetirilməsinə görə, qətnamə qəbul edilir, lakin 600-dən çox günahsız insanın qətlə yetilməsinə görə beynəlxalq birlik hərkətə keçmir, heç bir məhkəmə orqanı formalaşmır. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlikdə dövlətlərə qarşı fərqli münasibətlər bəslənir. Vətən müharibəsinin gedişində də bəzi aparıcı Avropa dövlətləri və təşkilatları beynəlxalq hüquqa zidd bəyanatlarla çıxış edirdi. Bəs onlar Azərbaycanın mülki əhalisinə, həmçinin hərbi əsirlərə qarşı qeyri-insani davranışla bağlı səslərini niyə çıxarmırlar? Niyə beynəlxalq hüququ müdafiə etmirlər? Əksinə, haqlının tərəfində olmaqdansa, təcavüzkarın tərəfindədirlər.

– Bəs bu ayrı-seçkiliyin səbəbi nədir?

– Bu cür ayrı-seçkiliyin və ikili standartların bariz nümunəsinini biz 30 ildir müşahidə edirik. Əlbəttə, burada erməni təəssübkeşliyi, erməni diasporu və digər amillərin rolu var. Ancaq nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və Azərbaycanın hərbi gücü və qüdrəti imkan verir ki, beynəlxalq hüququ öz gücüylə bərpa etsin.

– Belə olan halda, Ermənistana beynəlxalq səviyyədə təzyiqlərin artırılması üçün hansı addımlar atılmalıdır?

– Burada iki məsələni bir-birindən fərqləndirmək lazımdır. Birinci məsələ Ermənistanın dövlət olaraq məsuliyyətidir, ikinci məsələ isə qeyd etdiyim beynəlxalq cinayətləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsidir. Bu istiqamətdə əsas addımları Azərbaycanın hüquq mühafizə orqanları atırlar. Həmin orqanlarda soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilə bağlı çoxsaylı cinayət işləri var. Hətta son zamanlar Azərbaycan məhkəmələrində bir sıra şəxslər belə əməllərinə görə mühakimə edildi və layiqli cəzalarını aldılar. Digər imkanlar isə beynəlxalq səviyyədə olan imkanlardır. Məsələn, 1998-ci ildə beynəlxalq cinayət məhkəməsi təsis edilib, 1 iyul 2002-ci ildən onun nizamnaməsi qüvvəyə minib. Hətta həmin məhkəmə orqanının iştirakçısı olmayan dövlətlər belə, müharibə cinayətləri bu dövlətlərin ərazisində törədildiyi halda, həmin məhkəmə orqanının nizamnaməsinin 12-ci maddəsinə uyğun olaraq xüsusi deklarasiya qəbul edib, bu cür işləri məhkəmənin baxışına verə bilərlər. Yəni nəzəri cəhətdən bizim imkanlarımız var ki, istər milli səviyyədə, istərsə də beynəlxalq səviyyədə lazımı addımlar ataq və atırıq da.

– Bu günə qədər bu istiqamətdə hansı addımlar atılıb və hansı nəticələr əldə edilib?

– Əslində, bu cür məsələlər qısa müddətdə həll edilmir. Çünki cinayət törədən şəxslərin əksəriyyəti Ermənistan ərazisindədir, yaxud da digər dövlətlərin ərazilərində gizlənib və bu şəxslər barəsində interpol vasitəsilə axtarış elan edilib. Yəni ən səmərəli yol bu cür şəxsləri həbs edib, Azərbaycan ərazisinə gətirib Azərbaycan məhkəmələrinin qarşısına çıxarılmasını təmin etməkdir. Şübhəsiz, bu, bir nömrəli variantdır. Digər bir yol, qeyd etdiyim kimi, beynəlxalq məhkəmələrdir. Azərbaycan BMT-nin məhkəməsində də müvafiq konvensiya ilə bağlı da iş qalıdırb və orada da proses gedir. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət edirik. Yəni Azərbaycan kompleks şəkildə bütün imkanlardan istifadə edir. Digər bir problem isə dəymiş ziyanın ödənilməsilə bağlıdır. Bununla bağlı da Prezidentin Sərəncamı ilə xüsusi bir komissiya yaradılıb. Hazırda xarici ekspertlər də bu ziyanın ölçülməsi üçün cəlb edilib. Ziyan dəqiq ölçüləndən sonra biz beynəlxalq arbitraj orqanlarına da bununla bağlı müraciət edəcəyik.