Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşıq sürəti ilə Şuşaya…

88 Baxış

İlk dəfə işğaldan azad olunandan bir il sonra Qarabağa səfər etmişdim. Hələ onda Zəfər Yolu çəkilməmişdi. Aprel döyüşlərində azad etdiyimiz Cəbrayılın Lələtəpə yüksəkliyini aldıqdan sonra sanki ağ qoç səni qara qoçun belinə tullayır, qara qoç isə qaranlıq dünyaya aparırdı. Xüsusi icazə ilə keçə bildiyimiz postun o biri tərəfi elə nağıllardakı kimi qaranlığa bürünmüşdü.

Arada cəmi bir neçə yüz metr məsafə olsa da, burada qarşılaşdığımız əsl vəhşi təbiət idi – torpaqlarda düşmənin 30 illik ekoloji terrorunun izləri aydın sezilirdi. Viran qalmış kəndlərdə, daşı daş üstündə qalmayan divarlar arasında yabanı ağaclar göyərirdi. Təbiət cırlaşmışdı. Su görməyən torpaq ancaq boz yovşan və ona bənzər başqa otlar bitirmək gücündə idi. Ciddi mina təhlükəsi olduğuna görə marşrutdan kənara çıxmaq, hətta yol kənarında bitmiş yabanı çiçəkləri belə qoxlamağa həsrət idik…

Bir ildən sonrakı səfərimizdə Qarabağı bu qədər dəyişmiş görəcəyim ağlıma gəlməzdi. Doğrudur, mina təhlükəsi hələ də qalır, həmin əraziləri tam bərpa etmək mümkün olmayıb. Amma Füzulinin Əhmədbəyli kəndini keçəndən sonra o torpaqlara gələn işıq aydın sezilir. Sanki təbiət canlanıb, illərdir yiyəsiz qalan yurdda həyat əlamətləri hiss olunur. Havada belə azadlığın qoxusunu hiss edirsən.

İşğaldan azad olunan Qarabağda abadlıq yoldan başlanır. Yol çəkilən torpaqlara işıq çəkilir. Həm də əvvəlki kimi dirəklərlə yox, yeraltı kabellər vasitəsilə. Artıq Şuşada müasir Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzi inşa olunub, Füzuli və Hadrutda isə tikinti işləri bitmək üzrədir. Təxminən iki aydan sonra Füzulidəki yarımstansiyanın işə başlaması ilə bura qayıdan bütün abonentlər işıqla təmin ediləcək. Füzulinin yerlə-yeksan olunmuş kəndlərində bir-birinə bənzəyən uçuq divarları da yəqin ki, evlər əvəzləyəcək, onların da hər birinə bu işıqdan pay düşəcək.

Füzulidən keçən Zəfər Yolu ilə Hadruta, oradan da Şuşaya istiqamət alırıq. Yolüstü 44 günlük müharibə dövründə erməni əsilli bloqer S.Peqovun dezinformasiyalarının bir hissəsinə şahidlik edən məşhur daş parçasını da görmək imkanımız olur. Bayrağımızın rənglərinə boyanmış daşın arxasında qəsəbə ovuc içi kimi görünür. Hadrutun təbiəti o qədər möhtəşəmdir ki, bu gözəlliyə qısqanclıqla yanaşmamaq mümkün deyil. Digər işğal olunmuş torpaqlarımızdan fərqli olaraq burada yurd-yuvamız xarabalığa çevrilməyib. Belə görünür ki, düşmən qoyub getdiyimiz boş evlərimizdə məskunlaşıb.

Dumanlı aşırımlar bizi qayaların üzərində yerləşən əzəmətli Şuşaya aparır. Qarabağın ürəyi hesab olunan şəhərə ilk səfərim olduğundan fikrimdə indiyə qədər Şuşa haqqında oxuduqlarım, eşitdiklərimlə gördüklərim yerbəyer olur. XTQ döyüşçülərinin Şuşa qalasını azad etmək üçün bu qayalara necə dırmandığını, doğma şəhərin müdafiəsinə qalxan Şuşa batalyonunu, əfsanəvi komandir, Milli Qəhrəman Ramiz Qəmbərovu xəyalımda canlandırıram. Məzarını tapmışıqmı, ya yox bilmirəm… Amma ruhunun, onunla bərabər bu torpaq uğrunda vuruşub şəhid olmuş hər bir igidimizin ruhunun Şuşada dolaşdığını hiss edirəm.

Şuşa elə yerdir ki, dumanı, yağışı əskik olmaz. Səfərimiz də belə bir havaya təsadüf edir, dumandan göz-gözü görmür. Amma havaya baxmayaraq, Şuşa qalasına gedirik, Vaqifin məqbərəsini ziyarət edirik və yolüstü Cıdır düzünə qalxmaq fürsətimiz olur. Bu dəfə görə bilmədiyim Topxana meşəsini və digər görmədiyim yerləri gələn səfərimə saxlayıram.

Şuşanın dar, dumanlı küçələrində hərbçilər, şəhəri yenidən quran insanlar, xidməti avtomobillər gözə dəyir. Şəhər sanki əvvəlki kimi hər birimizin icazəsiz, buraxılışsız səfər edəcəyimiz günə hazırlaşır. Artıq iki ilə yaxındır ki, Şuşada öz işığımız yanır. Əsas olan işıqdır, Şuşaya işığımız çatırsa, bütün qaranlıqları qovmaq mümkün olacaq. Bu işığın əbədi yanması arzusu ilə Şuşadan ayrılırıq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678