Azad olunmuş ərazilərdə 450-dən çox meyit qalıqları ekshumasiya edilib – Foto

10 Baxış

İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 115.4-cü, 120.2.7-ci, 120.2.12-ci və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib. Həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

Baş prokurorunun müavini–Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu il oktyabrın 26-da qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.