PISA-nın ali toplantısı Bakıda

9 Baxış

Bu gün Bakıda PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) İdarə Heyətinin 54-cü görüşünə start verilib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, iclas ilə əlaqədar dünyanın 46 ölkəsindən 70-dən çox ekspert hazırda Bakıda səfərdədir. Pandemiyadan sonra ilk dəfə hibrid formada keçirilən tədbirdə ümumilikdə 150-dən çox nümayəndə iştirak edir.

Görüşün plenar sessiyasının açılışında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu yüksək səviyyəli tədbirin Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsindən məmnunluq hissi duyduğunu vurğulayıb.

Azərbaycanlı şagirdlərin beynəlxalq qiymətləndirmə tədqiqatlarında əldə etdikləri nəticələrdən danışan E. Əmrullayev bildirib ki, təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyasında PISA nəticələri də əsas keyfiyyət standartı olaraq müəyyən edilib.

Sözügedən tədbirin ölkəmizin təhsil ictimaiyyəti üçün kifayət qədər yeni bir təcrübə olduğunu qeyd edən elm və təhsil naziri şənbə günü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə birgə fərqli ölkələrdən gələn mütəxəssislərin də iştirakı ilə qiymətləndirmə sahəsində keçiriləcək konfransın çox böyük əhəmiyyətə malik olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, tədbir 4 noyabr tarixinədək davam edəcək.