Bütöv Azərbaycana doğru irəliləyirik – GAMAC

19 Baxış

44 günlük savaş müddətində və ondan sonrakı proseslərdə İran fars rejiminin Azərbaycan dövlətinə qarşı ermənipərəst mövqeyinin qarşısında Güney Azərbaycanda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin dirənişi, Azərbaycan dövləti və Ordusuna verdiyi mənəvi dəstək, taleyin hökmü ilə coğrafi anlamda 200 illik parçalanmaya məruz qalmış bir millətin əslində vahid milli birlik ideyası ilə Bütöv Azərbaycana doğru irəlilədiyini göstərdi.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu fikirlər Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) 8 Noyabr – Zəfər Günü ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

Bildirilib ki, noyabr ayının 8-də 2020-ci il tarixdə 29 il işğaldan sonra qəhrəman Azərbaycan Ordusu Şuşa şəhərini erməni işğalından azad etməklə Azərbaycan tarixinə şərəfli bir gün yazıb:

“Qarabağın döyünən ürəyi, musiqi və incəsənət beşiyi olan Şuşanın azad olunması ilə Azərbaycan öz dövlət sərhədlərinin təmamilə bərpa edilməsi sürəcinə girmiş oldu.

Məhz Şuşa qələbəsindən sonrakı mərhələdə diplomatik danışıqlarla erməni işğalçıları Laçın, Kəlbəcər və Ağdam bölgələrindən qeyd-şərtsiz çıxarıldılar.

44 günlük ikinci Vətən müharibəsində Şuşa ilə bərabər Azərbaycanın digər strateji əhəmiyyətli yaşayış bölgələri də işğaldan azad edildi. Azad olunmuş ərazilərimizdə yenidən dalğalanan Azərbaycanın dövlət bayrağı millətimizə qürur hissi yaşatmaqla yanaşı, Azərbaycanı regional və qlobal proseslərdə söz sahibinə çevirdi”.

GAMAC bəyan edib ki, bu müddətdə Türkiyə dövlətinin dəstəyini yanına alan Azərbaycan dövləti həm də bunu sübut edib ki, türk dövlətlərinin birlikdə əməkdaşlıq ideyası gerçək əsaslara dayanır:

”2021-ci il iyunun 15-də Şuşa şəhərində Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətləri haqqında imzalanmış Şüşa Bəyannaməsi bunun sübutudur.

44 günlük savaş sürəcində və ondan sonrakı proseslərdə İran fars rejiminin Azərbaycan dövlətinə qarşı ermənipərəst mövqeyinin qarşısında Güney Azərbaycanda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin dirənişi, Azərbaycan dövləti və ordusuna verdiyi mənəvi dəstək, taleyin hökmü ilə coğrafi anlamda 200 illik parçalanmaya məruz qalmış bir millətin əslində vahid milli birlik ideyası ilə Bütöv Azərbaycana doğru irəlilədiyini göstərdi.

Məhz bu doğrultuda Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2022-ci il tarixdə Azərbaycanın dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxmilyonlu azərbaycanlılara verdiyi tarixi mesajı Güney Azərbaycanda daha bir tarixi zəfər gününə çağırış olaraq qəbul edir”.

Sənəddə qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü güneyli və quzeyli bütün azərbaycanlılar üçün mədəniyyət beşiyi Şuşanın azad olunduğu gün, bu zəfər tariximizi gerçəkləşdirən şəhidlərimizin ruhu, qazilərimizin və Müzəffər Azərbaycan Ordusu qarşısında sayğı duruşu günüdür:

”Biz GAMAC olaraq, Zəfər Günü münasibətilə ilə həm savaş, həm də siyasət meydanında cəsarət və müdriklik göstərən Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, bütün dünya azərbaycanlılarını, Azərbaycanın Müzəffər Ordusunu, qəhrəman qazılərimizi təbrik edir, bu tarixi gündə şəhidlərimizi sayğı ilə anır və onların qəhrəmanlığını alqışlayırıq”.