Qadına hücum edib buraxılan şəxs yenidən tutuldu

4 Baxış

“Dünən bibim Məmmədzadə Nazilə Abbasqulu qızı işdən evə gedəndə Balaxanıdakı dar küçələrdə bir nəfər ona hücum edib”.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, həmin şəxs bibisinin çantasını dartmaq istəyəndə qadın müqavimət göstərib: “Saçını dartıb, boğazından tutub sürümək istəyəndə bibim cəld tərpənib, qarnından aşağı təpiklə vurub, həmin adam çökəndə çanta və yumruqla başına vurub. Durub qaçmaq istəyəndə bibim qoymayıb, qışqıraraq kömək çağırıb. Həmin şəxs qaçıb girib qəbiristanlığa. Amma həmin şəxsi tanıyıb, qonşuları Tofiq adlı şəxs olub. Evə gedib polis çağırıblar və adam saxlanılıb”.

H.Novruzzadə əlavə edib ki, 50 yaşlı N.Məmmədzadə qızıl mağazasında çalışır. Onun ilkin ehtimalına əsasən, həmin şəxs qadını qəbiristanlığa dartaraq əvvəlcə öldürmək, sonra üzərindəkiləri götürmək istəyib.

Onun iddiasına görə, saxlanılan şəxs az sonra pul müqabilində sərbəst buraxılıb: “Həmin şəxs məhəllədə deyib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısına 5 min manat verərək sərbəst qalıb. O, qadının qarşısını kəsib, fiziki zorakılıq törədib. Tofiq adlı adamı 12-ci bölmənin təhqiqatçısı Hüseyn adlı şəxs necə buraxıb?”

Baş vermiş hadisə və səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə sorğu ünvanladıq. Xidmətin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, istintaq aidiyyəti olduğu üçün hadisə barədə toplanmış material Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: “Həmin şəxsin yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq sərbəst buraxılıb. İstintaq hərəkətləri ilə onun əməlinə hüquqi qiymət veriləcək. Qeyd olunan məbləğdə pul vəsaitinin alınması ilə bağlı iddialar isə tam əsassızdır”.