Tikinti şirkətinin vəzifəli şəxsləri HƏBS EDİLDİ

15 Baxış

Çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Turanmedia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, istintaq zamanı “Hayan E” MTK-nın direktroru Nəsirov Rafiq Nəsib oğlu və “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Nəsirov Rafiq Nəsib oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı), Səməndərov Emil Tofiq oğlu isə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.