2022-ci ildə dünya və Azərbaycan nələrə şahidlik etdi? – ƏN MÜHÜM HADİSƏLƏR

22 Baxış

2022-ci ilin sonuna sayılı günlər qalıb. Bu il də dünyada və Azərbaycanda bir sıra mühüm hadisələr baş verdi. Siyasi, iqtisadi, sosial və digər sahələrdə tüğyan edən hadisələr Azərbaycandan da yan keçmədi və ölkədə bir sıra dəyişikliklərə gətirib çıxardı. Amma Azərbaycan üçün bu il də Qarabağ məsələsi və regionda baş verən geosiyasi hadisələr prioritet təşkil etdi.

Turanmedia.az konkret.az-a istinadən bu il dünyada və ölkədə baş verən ən mühüm hadisələri təqdim edir:

Qazaxıstanda etirazlar;

Beləliklə 2022-ci il girər-girməz Qazaxıstanı etirazlar dalğası bürüməyə başladı. Belə ki, Mangistau vilayətinin Janaozen şəhərində qazın bahalaşmasına qarşı etirazlar qısa zamanda bütün ölkəyə yayıldı. Almatı, Janaozen, Aktau və Mangistau vilayətlərində minlərlə insan proseslərə qoşuldu. Bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan edildi. Hadisələr ölkənin Baş naziri Askar Maminin istefasına gətirib çıxardı. Sabiq Prezident Nursultan Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurası vəzifəsindən kənarlaşdırıldı. KTMT-nin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin xahişi ilə ölkəyə sülhməramlıları göndərməsi ilə hadisələrin daha da geniş vüsət almasının qarşısı alındı.

Rusiya-Ukrayna müharibəsi;

İlin ən səs-küylü və faciəli hadisəsi isə Rusiya Silahlı Qüvvələrinin Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlaması oldu. Hələ də davam edən müharibə minlərlə insanın həyatına son qoymaqla yanaşı, Ukraynanın ciddi dağıntılara məruz qalması ilə nəticələndi. Lakin Qərb ölkələrinin maddi dəstəyi və silah tədarükü sayəsində Ukrayna ordusu Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmağa və müharibənin gedişində dönüş yaratmağa nail oldu. Bundan başqa ABŞ, Aİ və Böyük Britaniya Rusiyanın bir sıra banklarını SWIFT qlobal maliyyə sistemindən kənarlaşdırmaq, habelə Rusiya Mərkəzi Bankına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək barədə razılığa gəldi. Rusiya ordusunun Buça şəhərində törətdiyi qətliam isə bu müharibə tarixində ən faciəvi hadisə kimi tarixə düşdü.

İmrax Xan vəzifəsindən getdi;

2022-ci il həm də Azərbaycan üçün dost və qardaş ölkə sayılan Pakistanın Baş naziri İmran Xanın vəzifəsindən kənarlaşdırılması ilə yadda qaldı. Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçildi.

İran dağılır;

Nəinki dünyada, həm də regionda baş verən ən mühüm hadisələrdən biri və bəlkə də birincisi İranın çalxalanması oldu. Məhsa Əmininin ölümü İslam Respublikasını sözün əsl mənasında silkələdi. Ölkəni bürüyən etirazlar dalğası İranda uzun illərdən bəri davam edən bir sıra qanun və qaydaların dəyişməsi ilə nəticələndi. Bu etirazlar həm də Cənubi Azərbaycandakı soydaşlarımızın ayağa qalxmasına və müstəqillik arzularını dilə gətirməsinə səbəb oldu.

Messi dünya kubokuna sahibləndi;

Siyasi-iqtisadi hadisələrlə bol olan 2022-ci ilə futbol tarixinin ən maraqlı oyunları ilə yadda qalan Dünya Çempionatı yekun vurdu. Qətərdə baş tutan çempionatın qalibi əfsanəvi maradonanın komandası – Argentina yığması oldu və Messi kuboku başı üzərinə qaldırmağı bacardı.

Geridə qoyduğumuz 2022-ci il Azərbaycanda da bir sıra siyasi-iqtisadi hadisələrlə yadda qaldı. Öncəliklə qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşdırılması üzrə beynəlxalq səviyyədə keçirilən bütün görüşlər ilin vacib siyasi hadisələri kimi tarixə düşdü. Bundan başqa “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” nun, Buxarestdə “ Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökümətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasını ilin ən yadda qalan hadisələri kimi qiymətləndirmək olar.

Siyasi Partiyalar Haqqında Qanun;

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsi də ölkənin daxili siyasətində mühüm hadisə kimi tarixin yaddaşına həkk olundu.

Azərbaycan Ermənistana və sülhməramlılara dərs verir;

İctimai fəalların, eko-aktivistlərin Şuşa-Xankəndi-Laçın yolunda keçirdikləri aksiya həm rus sülhməramlılarına, həm də orada yaşayan ermənilərə və dünyaya mesaj verməklə ilin ən mühüm hadisəsinə çevrildi. Aksiyada yüksək iradə, əzm və qətiyyət nümayiş etdirən azərbaycanlı fəallar ermənilərin ərazilərimizdə həyata keçirdikləri talanlardan, ekoloji cinayətlərdən xəbərdar olduqlarını və bununla barışmayacaqlarını dünyaya göstərdilər.

Elm və Təhsil Nazirliyi;

Bundan başqa AMEA-nın bir sıra institutlarının ləğvi, Təhsil Nazirliyinin yenidən formalaşdırılaraq Elm və Təhsil Nazirliyinə çevrilməsi ilin ən yadda qalan hadisəsi kimi geniş müzakirələrə yol açdı.

Qərbi Azərbaycana qayıdacağıq;

Hesab edirk ki, ölkə üçün ilin ən səs-küylü və pik hadisəsi Prezident İlham Əliyevin “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” ifadəsi sayıla bilər. Məhz bu fikirlər Ermənistanda böyük narahatçılıq yaratmaqla yanaşı, azərbaycanlıların Qərbi Azərbaycan arzularının reallaşacağı günün heç də uzaqda olmadığını sübuta yetirdi.

Beləliklə müharibələrin, virusların, geosiyasi və qlobal dəyişikliklərin baş verdiyi pələng ilini geridə qoymağımıza və dovşan ilinə addımlamağımıza sayılı günlər qalıb. İnanırıq ki, 2023-cü il həm dünya, həm də Azərbaycan üçün müsbət hadisələrlə yadda qalacaq.