“İstər adi vətəndaş olsun, istər Vasif Talıbovun oğlu…” – Seymur toxunulmazdır?

16 Baxış

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub. İddialara görə, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Seymur Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü olması çoxsaylı suallar doğurub.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ələsgər Əhmədoğlu bu iddiaların doğru olma ehtimalının az olduğunu deyib:

“Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulması ilə bağlı yayılan məlumatın doğru olmaq ehtimalı azdır. Çünki əgər onun deputat statusu varsa, toxunulmazlığı var. Toxunulmazlığı qaldırılmadan onun ölkədən çıxışına kimsə qadağa qoya bilməz. Toxunulmazlıq isə Milli Məclisin deputatlarına aiddir, bu baxımdan Konstitusiyada olan toxunulmazlıq Naxçıvan Muxtar Respublikasının deputatlarının toxunulmazlığı anlamına gəlmir. Ola bilər ki, Naxçıvandan çıxışı hansısa formada məhdudlaşdırılsın. Ümumi götürdükdə isə Baş Prokurorluq parlamentə müraciət etmədən kimsə depuatatların çıxışını dayandıra bilməz, burada söhbət parlamentin deputatlarından gedir. Hansısa deputata cinayət işi açılması üçün öncə parlamentə müraciət olunmalıdır, çünki deputatın toxunulmazlığı qaldırılmadan ona cinayət işi açıla bilməz (Cinayət başında yaxalanmaq istisnadır) ”.

 

Hüquqşünas Əsabəli Mustafayev isə hesab edir ki, əgər məhkəmə qərarı yoxdursa, kiminsə ölkədən çıxışına qadağa qoyulması insan haqlarının pozulmasıdır:

 

“Qanunvericilikdə ölkədən çıxış məsələsi ayrılmayıb. Ümumilikdə kimlərin ölkədən çıxışına qadağa qoyula biləcəyi sadalanıb. Amma siyahıda adı keçməyənlərin də bəzən ölkədən çıxışına qadağa qoyulur, bizdə bu hal geniş yayılıb. Məsələn, hansısa məsələdə kimsə şahid qismində dindirilıirsə, istintaq onun adını sistemə salır və həmin şəxsin ölkədən çıxışına qadağa qoyulur. İllərdir biz bu məsələ ilə bağlı iradlarımızı bildirirk ki, məhkəmə qərarı olmadan insanın hərəkətinə məhdudiyyət qoymaq olmaz. Müstəntiq isə heç bir qərar olmadan həmin adamın adını sistemə salır. Bu hal şəxsən mənim də başıma gəlib, heç bir məhkəmə qərarı olmadan 5 il ölkədən çıxışıma qadağa qoyulub. Bu hal onlarla jurnalistin, ictimai, siyasi fəalların da başına gəlib. Avropa Məhkəməsi də deyir ki, şahid qismində olan istənilən adama ölkədən çıxış üçün qadağa qoya bilməzsən. İstər adi vətəndaş, istər deputat, istər Vasif Talıbovun oğlu olsun, kimliyindən asılı olmayaraq, məhkəmə qərarı olmadan kiminsə ölkədən çıxışına qadağa qoyula bilməz. Əgər cinayət işi yoxdursa, ona ittiham elan olunmayıbsa, onun çıxışına qadağa qoyulması qanunsuzdur. İstənilən istintaq işçisinin dindirilən şəxslərə özbaşına sistemdən qadağa qoya bilməsi birbaşa insan hüquqlarının pozulmasıdır”.