Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çovdarovun 30 milyonluq əmlakı geri qaytarıldı: Bəs dövlətə vurulan zərəri kim qarşılayacaq? – ƏTRAFLI

60 Baxış

Azərbaycanda “azadlıq” deyəndə ilk ağıla gələn “Azadlıq” meydanı, “Azadlıq” metrostansiyası və ya “Azadlıq” prospekti olur. “Azad dövlət”, “azad millət” və ya “azad həyat” anlayışları da istisna deyil. Azad və demokratik ölkədə yaşayırıq, hüquqlarımız Konstitusiya ilə qorunur. Amma heç olmasa bircə nəfərin “azad məhkəmə” ifadəsini xatırlayacağına şübhə edirəm. Çünki mövcud olmayan bir məfhumu kiminsə yada salması mümkün deyil. Bəli, Azərbaycanda bir çox sahələr “azad” ola bilər, təkcə məhkəmələrdən başqa. Və bunu demək olar ki, hər gün məhkəmələrin çıxardığı qərarları oxuyarkən görə bilirik. Amma yenə də bir gün bu məmləkətdə “azad məhkəmə” görmək arzusu ilə yaşayırdım. Ta ki, uzun illər ləğv edilmiş MTN-də vəzifə tutan, sahibkarların qanını somuraraq milyonlar qazanan, nəhayət dövlət tərəfindən ifşa edilərək həbsə göndərilən, daha sonra əfv olunan Akif Çovdarov haqdakı son məhkəmə qərarını oxuyana qədər… Bu sahənin Fatihəsi çoxdan verilib cənablar! Sadəcə Azərbaycan xalqının başı qarışdığından oturub məhv olan məhkəmə sistemimizi ağlamağa vaxtı yoxdur.

Təsəvvür edirsiz, bir şəxs ölkəyə milyardlarla zərər vurur, dövlətin ən yüksək qurumunun imicini yerlə bir edir, inanları incidir, onları gizli həbsxanasında qanunsuz saxlayır, pullarını mənimsəyir, törətdiyi əməllərə görə həbs cəzası alır və sonda müsadirə edilən 30 milyona yaxın əmlakı hansısa məhkəmə hakimi tərəfindən özünə qaytarılır ki, get qalan ömrünü yağ-bal içində yaşa. Yəqin ki, “Mən şok, mən iptal” misalı məhz bu cür vəziyyətlər üçün nəzərdə tutulub. Əminəm ki, məhkəmənin qərarı ilə bağlı xəbəri yerli mediadan oxuyan bir çoxları şok keçirib. Bəlkə də, kiminsə ürəyi tutub, dili qatlanıb. Bircə Çovdarov məmnundur. Dövləti bu qədər talayıb sonra da yığdıqlarını xımır-xımır yeməyi bacarmaq hər kişinin işi deyil axı…

Məhkəmə-hüquq sistemi dövlətin təməl sütunudur. Ulu Öndər Heydər Əliyevin, “Dövlət iki halda sarsıla bilər, günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” fikirlərini hər bir azərbaycanlı yaxşı xatırlayır. Amma görünür Bakı Apellyasiya Məhkəməsinin Çovdarov haqda qərar çıxaran hakimi üçün bu fikirlərdən üstün nələrsə var. Ona görə də, müsadirə edilən 30 milyonluq əmlakı Akif Çovdarovun ailəsinə məxsus olması adı ilə geri qaytarır. Yəni günahkar cəzasız qalır. Bu isə ciddi qanun pozuntusudur və hakimin qərarı yuxarı instansiyalar tərəfindən mütləq araşdırılmalıdır. Sual olunur: Bəs Çovdarovun dövlətə və sahibkarlara vurduğu zərəri kim qarşılayacaq? Ümumiyyətlə Çovdarovda və ya onun ailə üzvlərində 30 milyon manat dəyərində mülk haradandır? Məgər bu mülklər Çovdarovun qanunsuz maliyyə maxinasiyaları hesabına qazanılmayıb? Dövlətin sütunu sayılan, onu qorumağa borclu olan məhkəmə sistemi niyə bu cür qeyri-obyektiv qərarlar çıxarmaqla cəmiyyətdə ikrah hissi oyadır? Niyə məhkəmələr dövlətin təməlini qazımaq və insanları qıcıqlandırmaqla məşğuldur? Bütün bu suallara təcili cavab tapmalıyıq. Məhkəmə-hüquq sistemində olan rüşvət və korrupsiyaya bulaşmış hakimləri isə təmizləməliyik. Ümumiyyətlə, məhkəmə sistemi ilə bağlı SOS siqnalı çalmağın vaxtı çoxdan çatıb. Əks halda dövlətimizin gələcəyi üçün ciddi təhlükə yarana bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678