Rusiyanın bu qərarından təəssüflənirik – Türkiyə

Biz Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxmaq qərarından təəssüflənirik.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“CFE müqaviləsinin təməl daşlarından biri olduğu Avropa təhlükəsizlik arxitekturası, xüsusən 2007-ci ildən bəri tədricən dağılır. Təəssüf ki, Rusiyanın 2023-cü il noyabrın 7-də CFE müqaviləsindən çıxmaq qərarı qüvvəyə mindikdən sonra digər iştirakçı dövlətlər tərəfindən müqavilənin həyata keçirilməsi praktiki olaraq qeyri-mümkün oldu. Bu şərtlər altında Türkiyə digər NATO müttəfiqləri və CFE üzvləri ilə birlikdə müqavilənin icrasını tələb olunan müddətə dayandırmaq məcburiyyətində qaldı”, – XİN-in bəyanatında vurğulanıb.
XİN qeyd edib ki, yaşadığımız fövqəladə dövrdə silahlara nəzarət, tərk-silah və silahların yayılmaması sahəsində sazişlərin tam icrasına qayıtmaq beynəlxalq təhlükəsizlik üçün həmişəkindən daha vacibdir.