Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“National Geographic” Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən fotoreportaj dərc edilib – FOTO

127 Baxış

Amerikada çıxan “National Geographic” jurnalında azərbaycanlı məşhur fotoqraf Rəna Əfəndinin “Mən evimin hələ öz yerində qalıb-qalmadığını bilmirəm” sərlövhəli fotoreportajı dərc edilib.

AZƏRTAC xəbər verir ki, fotoqrafın erməni işğalından azad edilmiş Ağdam, Qubadlı, Füzuli və Kəlbəcər rayonlarına səfəri zamanı hazırlanmış bu reportajda Birinci Qarabağ müharibəsi dövründə həmin ərazilərdən qovulmuş ailələrin taleyindən bəhs edilir.

Belə insanlardan biri – İradə Quliyeva müsahibəsində deyib:

“Biz hər şeyi qoyub getdik. Hətta pulumuzu və sənədlərimizi də götürə bilmədik. Haçansa oraya qayıdacağımıza ümidimizi itirmişdik”.

1992-ci ildə Ağdam rayonu erməni qoşunları tərəfindən işğal edilərkən İradə və onun ailəsi doğma Qasımlı kəndini tərk ediblər.

1992-ci il fevral ayında erməni işğalçılar tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qırğından sonra İradə və həyat yoldaşı İmran Xocalıdan olan bir neçə ailəyə sığınacaq vermişdi. İmran o günləri xatırlayaraq deyir:

“Bu insanlar yarıçılpaq vəziyyətdə gəlmişdi, yaralarından qan axırdı. Bir uşaq, demək olar ki, donmuşdu, nəfəs ala bilmirdi”.

Erməni silahlı dəstələrinin Xocalıdan qaçan dinc azərbaycanlı sakinlərə atəş açması nəticəsində yüzlərlə kişi, qadın və uşaq qətlə yetirilib. Sonradan “Human Right Watch” hüquq-müdafiə təşkilatı və digər beynəlxalq təşkilatlar bu vəhşiliyi pisləmişdi. Erməni quldurlarının əlindən qaçan onlarca insan meşələrdə donmuşdu. İmran deyib:

“Xocalı işğal ediləndə bildik ki, bizim də aqibətimiz belə olacaq”.

Ermənilər Azərbaycanın yeddi rayonunu işğal edəndə yarım milyondan çox azərbaycanlı, o cümlədən Quliyevlər ailəsi evlərini itirdi. Bu ailə Bakı ətrafında sovet dövründən qalmış bir sanatoriyada sığınacaq tapıb və 20 ildən çox orada yaşayıb.

2020-ci il noyabrın 20-də İradə eşitdiyi xəbərə çox sevinib. Azərbaycan Ordusu Ağdamı geri alıb. Keçən il sentyabr ayında Azərbaycan əvvəllər azərbaycanlıların yaşadığı öz əraziləri üzərində nəzarəti bərpa etmək üçün hərbi əməliyyata başladı. İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə bəyanat imzalanması ilə başa çatdı. İradə deyir:

“Elə bil üstümdən ağır bir yük götürüldü”.

Azərbaycanlı məcburi köçkünlər 30 ilə yaxın müddətdə ilk dəfə olaraq işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər. Lakin az sonra məlum oldu ki, bu insanların həmin ərazilərdə daimi yaşaya bilməsi üçün hələ xeyli vaxt lazımdır. Hələlik hərbçilər bu regiona səfərlərə ciddi nəzarət edirlər. Ən pisi budur ki, orada, hətta döyüş əməliyyatları aparılmayan rayonlarda da həyat üçün zəruri olan nə vardısa, hamısı məhv edilib. Buna baxmayaraq, Quliyevlər ailəsi öz köhnə evlərini görmək istəyirdi.

Rəna Əfəndi daha sonra qeyd edir ki, o, İmran, oğlu Rəşad və onun ailəsi ilə birlikdə Ağdama gedib. Rəşad valideynləri ilə birlikdə Ağdamı tərk edəndə onun 12 yaşı vardı. Fotoqraf xüsusi qoruyucu geyimli insanların işğaldan azad edilmiş torpaqları minlərlə minadan təmizləmək üçün apardıqları gərgin və təhlükəli işi təsvir edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yerli bölməsinin rəhbəri Xaliq Zülfüqarovun sözlərinə görə, işğal edilmiş bütün ərazilərin minalardan təmizlənməsi 10 ilə qədər vaxt tələb edə bilər.

R.Əfəndi yazır: “Biz vaxtilə 40 minə yaxın insanın yaşadığı Ağdam şəhərinə çatanda Quliyevlər ailəsinin həyəcanları heyrətlə əvəz olundu. Bu şəhərdə salamat qalmış yeganə bina məscid idi. Ermənilər son 30 ildə şəhərdəki bütün tikililəri mütəmadi olaraq söküb və qarət ediblər. Rəşad və onu həyat yoldaşı Ağdamın mərkəzindəki sakit meydanda uşaqları ilə bərabər selfi çəkdilər. Şəhərin mərkəzindən xeyli uzaqda hərbçilərin səsləri və mina partlayışları eşidilirdi”.

Qasımlı kəndində keçmiş məscidin əsas zalına daxil olan Rəna Əfəndi açıq səmaya baxıb:

“Məscidin günbəzi və minarəsi yox idi. Döşəməyə quru ot tökülmüşdü. Yaxın vaxtlarda yandırılmış küləş və mal peyininin iyi gəlirdi. Ermənilər bu məsciddən anbar kimi istifadə ediblər”.

Quliyevlər ailəsi özlərinin dağıdılmış evlərinə yaxınlaşmaq üçün əsgərlərdən icazə alıblar. Bir neçə telefon zəngindən sonra hərbçilər bu ailənin öz evlərinin xarabalıqlarına yaxınlaşmasına icazə veriblər, o şərtlə ki, asfalt yoldan kənara çıxmasınlar. Kəndin kənarında bəzi evlərin divarları hələ salamatdır, lakin binaların əksəriyyətinin dam örtüyü və pəncərə çərçivələri yoxdur, bəzi evlərdə isə yanğın izləri görünür. 1993-cü ildə bu rayonda məskunlaşmış bəzi erməni fermerləri 2020-ci ilin noyabrında rayon Azərbaycana təhvil verilənə qədər oradakı evləri yandırıblar.

Müəllif Quliyevlər ailəsi ilə vidalaşandan sonra Kəlbəcərə – işğal edilmiş rayonların ən böyüyünə yola düşüb. 1993-cü ildə Kəlbəcər rayonu erməni qoşunları tərəfindən işğal ediləndə rayonun dinc sakinləri Murovdağ silsiləsindən qaçmağa məcbur olmuşdu. Həmin günlərdə xeyli insan soyuqdan ölmüşdü.

Bu amansız müharibənin son mərhələsində üç minə yaxın azərbaycanlı hərbi qulluqçu həlak olub. 750 mindən çox insan məcburi köçkün vəziyyətində qalır. Qubadlıdan olan bir sakin Azərbaycan ordusunun əsgərləri barədə söhbət açaraq deyir:

“Bütün bu illər ərzində bizə zülm edilib. Əsgərlərimiz bizim mənliyimizi özümüzə qaytardılar”.

Məcburi köçkünlərin çoxu, xüsusən yaşlı adamlar öz ata-baba yurdlarına qayıtmaq istəyir, lakin onların şəhərləri və kəndləri daimi yaşayış üçün yararlı vəziyyətə gətirilənə qədər hələ 10 il vaxt lazım gələ bilər.

Rəna Əfəndinin təqdim etdiyi materialda Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının nəticələrini əks etdirən çoxlu fotoşəkil var. Bu fotoşəkillərdə illər boyu torpaqların azad olunmasını gözləyən məcburi köçkünlərin yorğun simaları, ermənilər tərəfindən yandırılmış torpaqlar, onların həmin əraziləri tərk etməzdən əvvəl qırdıqları elektrik xətləri, Ağdam, Füzuli və azad edilmiş digər rayonlarda kütləvi dağıntılar görünür.

Xudavəng alban monastırının və Ağdam rayonunun Qiyaslı kəndindəki məscidin xarabalıqlarının müqayisəli fotoşəkilləri xüsusilə diqqəti cəlb edir. Azərbaycanın hakimiyyət orqanlarının icazəsi ilə erməni keşişlər Xudavəng monastırında ibadəti davam etdirirlər, Qiyaslı məscidində isə ermənilər heyvan saxlayırdılar. Bax budur erməni işğalının və Ermənistan dövlətinin pozucu siyasətinin reallıqları.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678