“Paşinyan şir oğlanları cəbhədə qırdırdı” – Seyran Ohanyan

34 Baxış

Qarabağdakı 44 günlük müharibədə ağır məğlubiyyət alan Ermənistanda siyasi böhran gündən-günə dərinləşir. Müxalifət məğlubiyyətə görə Nikol Paşinyan hökumətini günahlandırır. Hazırkı iqtidar isə hər şeyə görə özündən əvvəlki hakimiyyətin günahkar olduğunu deyir.

 

İş o yerə çatıb ki, müxalifət məğlubiyyətin araşdırılması ilə bağlı yaradılmış komissiyada təmsil olunmaq istəmir. Belə ki, Ermənistan parlamentinin müxalif fraksiyaları – “Hayastan” və “Mənimçün Şərəfdir” blokları Dağlıq Qarabağda 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın işində iştirakdan imtina edib. Fraksiyaların birgə bəyanatında ölkə hakimiyyətinin obyektiv olaraq öz hərəkətlərini araşdıra bilmədiyi deyilir.

Turanmedia.az qaynarinfo-ya istinadən xəbər verir ki, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan da müxalifətin ikinci Qarabağ müharibəsini araşdıran komissiyanın işində iştirak etməmək qərarından danışıb. Onun fikrincə, bu komissiyaya cəlb olunan ekspertlər qərəzsiz ola bilməyəcək:

“44 günlük müharibənin təhqiqat komissiyasına cəlb olunan ekspertlər döyüşlər zamanı etdiklərinə görə özləri cavab verməlidirlər. Bu komissiya qərəzsiz ola bilməyəcək. Hətta çaşdırmalar olacaq, həkimiyyət hər şeyi keçmiş hakimiyyətdəkilərin üstünə atacaq və komissiya indiki hakimiyyətə haqq qazandıracaq. Biz müharibənin şərtlərini öyrənməyə çalışacağıq ki, günahkarlar məsuliyyətə cəlb olunsunlar.

Araşdırmaq lazımdır ki, uzunmüddətli təcrübəyə malik ordu 3 ildə öz reputasiyasını necə piara çevirib və döyüş qabiliyyəti sıfıra enib. Hakimiyyət tərəfindən Vazgen Sarkisyan daim xatırlanır və manipulyasiya olunur. Onun bir çağırışı ilə birləşən bütöv bir xalq idi. Həmin xalq bu hakimiyyətin çağırışı ilə neçə nəfər birləşib? Sərdarapatda erməni xalqı birlik sayəsində Qarabağda birinci “azadlıq müharibəsi”ndə qalib gəldi. 44 günlük müharibədən əvvəl xalq köhnə-yeniyə, ağ-qaraya bölündü. Nikol Paşinyan şir oğlanları cəbhədə döyüşməyə çağırırdı, aparıb qırdırdı. Şir oğlanlara şir kimi dövlət başçısı lazım idi, bizdə isə bu gün o yoxdur”.  //Turanmedia.az