Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Blinkenin Qarabağ açıqlaması nədən xəbər verir? – ŞƏRH

170 Baxış
ABŞ-ın Dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Qarabağdan danışıb. O bildirib ki, ABŞ Qarabağda Azərbaycanla Ermənistan arasında problemin uzunmüddətli əsaslarla həllinin tərəfdarıdır, bununla bağlı birtərəfli addımların əleyhinədir.

“Mən həm Ermənistanın, həm də Azərbaycanın rəhbərliyi ilə çox fəal və birbaşa əlaqə saxlamışam. Xüsusilə, bu yaxınlarda, bir həftə əvvəl baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə telefon danışıqlarım olmuşdu. Bu ölkələrin xarici işlər nazirləri Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanma perspektivlərini stimullaşdırmağa kömək etməyə çalışırlar”, – Blinken Qarabağdan danışarkən bu sözləri deyib.

ABŞ dövlət katibinin Qarabağ açıqlamasını necə dəyərləndirmək olar?

Turanmedia.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu hesab edir ki, Vaşinqton əslində sülhün təmin olunmasında maraqlıdır:

“Amerika əvvəl Minsk qrupunun tərkibində məsələlərə daxil ola bilirdi. İndi Minsk qrupu yoxdur. Bunu Azərbaycan istəmir. Bundan əlavə, Rusiya Ukraynaya qarşı müharibə aparması səbəbindən tətbiq olunan sanksiyalarla əlaqədar təşkilatdan imtina edib. Belə olan halda Amerika da Rusiya kimi Ermənistan-Azərbaycan danışıqları üzrə xüsusi nümayəndə təyin etməli olub. Elə səfirin özünü təyin ediblər. O əvvəl Minsk qrupunun həmsədri idi. Hazırda Bakıdadır. Məlum olduğu kimi, Bakıda Amerika səfirlərinin regional görüşü keçirilir. Bundan əvvəl Gürcüstan və Ermənistanda da belə görüş keçirilib. İndi növbə Bakıya çatıb. Mən düşünürəm ki, əslində ABŞ sülh, əməkdaşlıq və birbaşa dialoqda maraqlıdır”.

Politoloqun sözlərinə görə, danışıqlarda Amerikanın əlində təsir imkanı yoxdur:

“Proseslərə təsir etmək üçün əsas alətlər Rusiyanın əlindədir. İndi Türkiyə də regionda fəaldır. Avropa Birliyi müəyyən rola malikdir. İndi ABŞ dördüncü oyunçu olmaq istəyir. Amma ABŞ-ın əlində prosesə ciddi təsir edəcək imkanı yoxdur”.

E.Şahinoğlu ABŞ Dövlət katibinin danışıqların uzunmüddətli getməsi ilə bağlı fikrini belə şərh edib:

“Burada ABŞ dövlət katibi uzunmüddətli danışıqla onu nəzərdə tutub ki, növbəti dəfə müharibə olmasın. Qeyri-ciddi razılaşma olmasın. Burada Amerika haqlıdır. Yəni demək istəyir ki, elə bir nəticə əldə etməliyik, bölgədə müharibə yaşanmasın. Biz də bunu istəyirik. Arzulayırıq ki, bölgədə dayanıqlı sülh olsun, bir daha Azərbaycan torpaqlarına hücum edilməsin. Separatçılıq baş qaldırmasın. Bir-birimizin ərazi bütövlüyümüzü tanıyaq. Biz belə bir sülh istəyirik”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678