Duqinin qızı Daryanın ölümü ilə bağlı yeni faktlar: şübhəli qadın kimdir?

Federal Təhlükəsizlik Xidmətinin (Rusiya FSB-si) Duqinanın qətlində şübhəli bilindiyi Natalya Vovkun atası qızının qaçqın kimi Avropaya getdiyini, lakin Ukraynaya qayıtdığını və hadisədən bir müddət əvvəl Litvadan zəng etdiyini iddia edir. O, Rusiyada necə peyda olub, adam bilmir.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə RİA-Novostiyə açıqlama verən Vovkun atasının sözlərinə görə, jurnalist Daria Duqinanın qətlində şübhəli bilinən, Rusiya FTX tərəfindən adı çəkilən Natalya Vovk bir müddət əvvəl qaçqın kimi Fransaya gedib, lakin tezliklə geri qayıdıb.
“O, Avropada idi. Səhv etmirəmsə, Fransada… Qaçqın kimi getmişdi. Onun xoşuna gəlmədi, sonra o Polşaya və oradan da Ukraynaya qayıtdı”, – Vovkun atası deyib.
O əlavə edib ki, hadisədən bir neçə gün əvvəl Vovk onunla Baltikyanı ölkələrin birindən əlaqə saxlayıb: “Litvada olduğunu dedi”.
Vovkun atası onu da bildirib ki, qızı Azov alayında xidmət etməyib.
Valideyni onun Rusiyaya necə gəldiyindən xəbərsizdir. FTX-nin məlumatına görə, o, iyul ayında 2010-cu il təvəllüdlü qızı ilə Moskvaya gəlib. Bir gün əvvəl xüsusi xidmət qadının hərəkətlərini əks etdirən video yayımladı. Görüntülərdə o, qızı ilə Rusiya sərhədini keçərək Duqina ilə eyni evə köçür və sonra Estoniyaya yola düşür.
FTX iddia edir ki, Vovk qətlin səbəbkarı olub və onu Ukraynanın xüsusi xidmət orqanları hazırlayıb. Kiyev bunu təkzib edir. Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Ukraynanın bununla heç bir əlaqəsi yoxdur.