İranda gənc cütlüklərin bu görüntüləri gündəm oldu

7 Baxış

İranda cari ilin sentyabrında 22 yaşlı gənc Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalar hələ də davam edir.

Turanmedia.az-ın məlumatına görə, “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aksiyalar fonunda ölkə sakinləri öz müstəqilliklərini daha açıq şəkildə nümayiş etdirməyə başlayıb.

Belə ki, sosial şəbəkələrdə İranın Şiraz şəhərində keçirilən etiraz aksiyası fonunda öpüşən cütlüyün fotosu yayılıb. Şəxsiyyəti açıqlanmayan cütlüyün fotosu maraqla qarşılanıb.

Bildirilib ki, İranda ictimaiyyət arasında hər hansı səmimi münasibəti nümayiş etdirmək qadağandır və hətta ölkə polisi evli cütlüklərə küçədə əl-ələ tutmağı da qadağan edib.

Bununla yanaşı, sosial şəbəkələrdə İranda çəkildiyi iddia olunan və küçədə öpüşən digər bir cütlüyün görüntüləri də yayılıb. İstifadəçilər yayılan görüntüləri şərh edərək, İranda vəziyyətin artıq hansı nöqtəyə gəldiyinə eyham vurublar.

Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər. Aksiyalar zamanı 15 000-dən çox etirazçı həbs olunub. Onlardan biri barəsində artıq ölüm hökmü verilib.

Qeyd edək ki, “Iran Human Rights” təşkilatının məlumatına görə, İranda etiraz aksiyaları zamanı azı 326 nəfər həlak olub.