Çat dərinləşir: Qriqoryan Kremli şok etdi…

13 Baxış

Armen Qriqoryanın Rusiyanın Ermənistana təzyiqi ilə bağlı açıqlaması Kremlin narahatlığına səbəb olacaq. Özü də müsahibə Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Zəngəzur dəhlizinin açılması və Rusiya-Belarus İttifaq Dövlətinə daxil olması üçün Ermənistana təzyiq göstərməsi barədə açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olmuşdu:

“Əslində Armen Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək. Digər tərəfdən bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir. Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir. İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diktə etmək üçün geniş manevr imkanları yaradır”.

Politoloq həmçinin Armen Qriqoryanın müsahibədə Kremlə qarşı işlətdiyi digər fikrə də diqqət çəkib:

“Qriqoryan deyir ki, Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin İttifaq Dövləti təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib. Qriqoryan bu cümləsi ilə demək istəyib ki, 1) Ermənistan demokratik, Rusiya avtoritar dövlət olduğuna görə ittifaqa qoşulmayacaqlar; 2) İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə Azərbaycan Ermənistana təzyiqi artırıb”.

Qeyd edək ki, Peskov Qriqoryanın açıqlamasına dərhal reaksiya verərək, bütün bunların yalan və təxribat olduğunu bildirib.