Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qurban Qurbanovun doğru olan səhvi…

94 Baxış

Dünən “Qarabağ” məğlub olmasaydı, indi tamam fərqli əhval-ruhiyyədə olardıq. Gecə Bakı küçələrində izdiham olardı, şəhər “dağılardı”. Əksəriyyət “Qarabağ”ı qarşılamaq üçün aeroporta axışardı, futbolçuları alqışlayardı, Qurban Qurbanovu qucaqlayardı, şəkil çəkdirərdi, paylaşardı və s.

Məğlubiyyət yetimdir axı… Qələbə sevincini bölüşməyə, sahiblənməyə nə var ki?

Hər halda 5 il əvvəlki tarix təkrarlanmadığı üçün futbol azarkeşləri üzgündür. Üzgünlük səbəbi isə odur ki, “Qarabağ” mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək. Təsəvvür edin, Ağdam klubu Avroliqanın qrupunda mübarizə aparacaq deyə üzülürük.

Deyirlər, “Qarabağ”ı, yəni məğlub olan komandanı alqışlamazlar. Niyə? 9 il davamlı olaraq qrup mərhələsində çıxış edən komandaya başqa nə söz demək olar ki? Bu uğura çatan başqa bir klubumuz varmı? Məgər biz futbol ölkəsiyik, İspaniya, İngiltərə, Almaniyayıq? Bəlkə bir az reallığa doğru qayıdaq və bu hissimizi itirməyək?

Qurban Qurbanov bir həftə əvvəl Bakıda mətbuat konfransında belə bir cümlə işlətmişdi:

“Mən bu gün müdafiəçilərdən razıyam. Bu gün komandaya müdafiəçi götürmək fikrim yoxdur. Çempionlar Liqasında oynasaq da, orada oynamaq bu müdafiəçilərin haqqıdır. Onların titullu komandalara qarşı oynaması millimiz üçün də faydalıdır. Amma bütün yerlərimizi legionerlərlə tamamlasaq, bizim futbolçular da kənarda qalsa… Onların bu dəqiqə inkişaf vaxtıdır. Bəhlul Mustafazadənin Avropada neçə oyunu var? Nəyisə bəzən qurban verməliyik ki, onları əldə edək”.

Elə hər şey Qurban Qurbanov dediyi kimi də oldu. Onun üçün doğru, başqalarına, yəni, məğlubiyyəti yetim buraxanlara görə olan səhv reallaşdı. Guya Qurbanov Şahruddinin kobud səhvlər etdiyinin fərqində deyil? Və ya istəsəydi, klub rəhbərliyinə daha öncə də olduğu kimi, Hanes Tour Haldourson, Asmir Beqoviç, İbrahim Şehiç kimi qapıçılar transfer etdirə bilməzdi? Edərdi, özü də ən yaxşısını.

Sadəcə, Qurbanov Şahruddinin, Bəhlulun, Toralın və digər yerlilərin qazanmasını istədi. Bu futbolçular təkcə Azərbaycan Premyer Liqasında oynamaqla, avrokuboklarda ehtiyatda oturmaqla necə böyüyə bilərlər ki? Qurban Qurbanovun düşündüyü tək sual da məhz bu idi. Axşam uğur qazanmaq naminə “Qarabağ”ın start heyəti tamamilə legionerlərdən ibarət də ola bilərdi. Amma nə vaxta qədər?

İndi gəlin reallığa qayıdaq, Azərbaycan futboluna boylanaq. Bu il uzun fasilədən sonra Premyer Liqada 10 komanda çıxış edir. Köklü klublarımızdan “Kəpəz”lə “Turan Tovuz” da elitaya qaytarılıb.

Amma necə? “Kəpəz”in stadionu yoxdur, qəzalı vəziyyətdədir, buna görə “Qəbələ”ni Qəbələdə qəbul edir. “Turan Tovuz”un isə futbolçuları daşıması üçün avtobusu belə yoxdur. Ağlamaq üçün əsl səbəb budur. Sevinmək üçün səbəb odur ki, bu cür çempionatdan çıxan komanda Avropada at oynadır!

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678