Azərbaycan dördgünlük iş rejiminə keçə bilər? – AÇIQLAMA

14 Baxış

2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə dördgünlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bu günlərdə Türkiyədə ilk dəfə bir korporativ şirkət daxilində həftədə dördgünlük iş rejiminin tətbiq olunacağı barədə xəbər yayılıb. Belə ki, 1 450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.

Azərbaycanda da dördgünlük iş rejimi tətbiq oluna bilərmi?

Turanmedia.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov bununla bağlı “Unikal”a açıqlamasında bildirib ki, dördgünlük iş həftəsinə keçid bir sıra Avropa ölkələrində müzakirə olunur. Onun sözlərinə görə, bunu ən çox müzakirə edən və tətbiqinə hazırlaşan ölkə Böyük Britaniyadır.

“Azərbaycanda isə dördgünlük iş rejiminə keçiddən əvvəl əmək bazarı ilə bağlı bir sıra məsələlər var ki, onların həlli daha aktualdır. 2022-ci ildə dövlət sektorunda əməkhaqqı artımları baş verdi, özəl sektorda isə buna münasib addımlar atılmadı. Bu baxımdan, Azərbaycan əmək bazarında dördgünlük iş rejiminin tətbiqi deyil, daha çox əmək hüquqlarının qorunması, əməkhaqqı fondunun genişləndirilməsi, maaşların artırılması kimi məsələlər daha aktuladır”.

Deputat qeyd edib ki, bu gün əmək bazarında qeyri-leqal işləyənlərin sayı az deyil:

“Baxmayaraq ki, 2020-ci ildən etibarən bu sayda kəskin azalmalar var, amma yenə də qeyri-rəsmi məşğulluğun ümumi məşğulluqdakı payı yüksəkdir. Əmək müqavilələrinin böyük qismi dövlət sektorunun payına düşür. Əmək bazarının spesifik çətinlikləri və həll edilməli məsələləri var. Azərbaycanda əmək bazarında işçilərin hüquqlarının qorunması, qeyri-rəsmi məşğulluğun minimumlaşdırılması, xüsusən özəl sektorda maaşların artırılması ilə bağlı qərarların verilməsi, o cümlədən, məzuniyyət hüquqlarının tam olaraq yerinə yetirilməsi kimi məsələlər var. Bunlar həll edildikdən sonra növbəti mərhələdə iş rejimi ilə bağlı məsələlərə baxılması mümkündür”.