Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda daha iki su anbarı tikiləcək – RƏSMİ

123 Baxış

“Su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üzrə relyefə uyğun su anbarının yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Eyni zamanda, Əlicançay su anbarı üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işlərinin cari ilin ikinci yarısında yekunlaşdırılması, beləliklə, su anbarının tikintisi məsələsinə baxılması nəzərdə tutulub”.

Bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, iki anbar üzrə bu ilin ikinci yarısında müvafiq əsaslandırma təqdim olunandan sonra bu il ərzində tikinti məsələlərinə baxılması artıq reallaşır:

“Ölkə üzrə su anbarlarının lillənmə səviyyəsi araşdırılmışdır və Pirsaatçay su anbarı nümunəsində anbarların lildən təmizlənməsi imkanlarına dair təkliflər hazırlanır. Ölkədə üç lillənmiş su anbarı var: Pirsaatçay, Borqarçay və Şəki rayonu ərazisindəki su anbarları. Bunları araşdırmaq üçün lazımi qüvvələri cəlb etmişik və onların yenidən istifadə imkanları peşəkar səviyyədə araşdırılaraq təqdim olunacaq”.

O qeyd edib ki, Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı şəhərə qədər uzunluğu 40 kilometr olan magistral su kəmərinin tikintisi başa çatdırılıb və 2020-ci ilin noyabr ayından içməli suyun verilməsi təmin edilib:

“İkinci Bakı su kəmərinin və Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmalar yekunlaşdırılmış, layihələrin ətraf mühitə təsiri qiymətləndirilmiş, layihə sənədləri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.

Ötən ilin avqust ayında keçirilən monitorinqlər zamanı regionlarda quraşdırılmış 460 modul tipli sutəmizləyici qurğudan 66 qurğunun suyunun lilli olması, mənbədə suyun olmaması, dəniz suyunun Kür çayına qarışması və yaşayış məntəqələrində suya tələbatın mərkəzləşmiş şəbəkədən ödənilməsi kimi səbəblərdən fəaliyyətinin dayanması aşkar edilib.

Əhalinin içməli su ilə təmin olunması məqsədilə modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanmışdır. Ölkənin əsas hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə komissiyanın nəzdində Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə işçi qrupu yaradılmışdır və qaldırılan məsələlərə işçi qrupu çərçivəsində baxılması nəzərdə tutulur”.

“Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinə müvafiq vəsait ayrılmış, suqəbuledici qurğuda mühəndis tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

 Antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə aparılmış monitorinqlər zamanı ümumi həcmi 122 milyon kubmetr olan 43 ədəd sututar müəyyən edilib. 

Götürülmüş su nümunələri 40 ədəd sututarın suvarma və texniki məqsədlər üçün yararlı olduğunu göstərmişdir. İmişli rayonundakı belə göllərdən istifadə məqsədilə nasos stansiyası quraşdırılmış və su Baş Muğan kanalına verilməyə başlanılıb. Kanala ötürülən su hesabına üç rayonda – İmişli, Saatlı, Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması mümkün olub”, – deyə Ş.Mustafayev əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678