Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda növbəti məhsul sığortasına başlanıldı: Şərtlər, məbləğlər – FOTO

146 Baxış

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə portağal sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Bu barədə Oxu.Az-a Aqrar Sığorta Fondundan məlumat verilib.

Fermerlər və iş adamları 2021-ci ildə portağal bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Portağal sahələrinin sığortalanması zamanı portağalın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara görə, aqrar sığorta çərçivəsində portağal bitkisinin sığortalanması üçün üç sığorta zərfi təklif edilir. Bunlardan birincisi – əksər riskləri əhatə edən “baza zərfi”, digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər. Birinci “baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf portağal bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir. 

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30 faizdir. Bu zərf portağal bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10 faizdir. Bu zərf portağal bitkisini dolu vurması nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən qoruyur.

Daha sadə desək, 3-cü sığorta zərfi fermerləri, məhsulu dolu vurması nəticəsində malın görünüşünün və keyfiyyətinin korlanmasından qoruyur. Məsələ bundadır ki, dolunun zədələdiyi meyvələrin qiyməti ucuzlaşır və bu hal fermerə maddi zərər vurur. 3-cü sığorta zərfi də bu zərəri qarşılamaq üçün nəzərdə tutulur.

Hansı sığorta zərfinin seçilməsi fermer və ya bağ sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.

Portağalın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları onun məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.

Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Yeri gəlmişkən, sitrus bitkilərinin kütləvi şəkildə becərildiyi Lənkəran regionunda tariflərin aşağı olması bu bitkilərin sığortalanması üçün fermerlərə olduqca sərfəli imkan yaradır.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan payını hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə bir aydan sonra ödənilir.

Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək. Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.

Müraciətlərin qəbulu aprelin 10-dək davam edəcək. Aprelin 10-dan mayın 10-dək olan dövrdə edilən müraciətlər zamanı isə portağal sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

Qeyd edək ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, naringi, çay, çəltik, tütün, portağal, fındıq və pambıqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678